
Dil xalqın ruhudur. Əlifba isə bu ruhun yazılı ifadəsi, mənəvi yaddaşımızın daşıyıcısıdır. Əlifba xalqın keçmişindən gələcəyinə uzanan mədəni körpüdür. Hər bir millətin inkişafı onun dilinə, əlifbasına, mədəni dəyərlərinə necə sahib çıxmasından çox asılıdır. Azərbaycan xalqının milli kimliyini, mədəni irsini və zəngin mənəviyyatını qoruyub yaşadan əsas dəyərlərdən biri də ana dilimizdir. Dil hər bir xalqın varlığı, tarixi yaddaşı, düşüncə tərzi və mənəvi sərvətidir. Azərbaycan xalqı tarix boyu bu dəyərləri qorumaq, yaşatmaq və inkişaf etdirmək uğrunda böyük mübarizələr aparmışdır.
Tarix boyu Azərbaycan dili müxtəlif dövrlərdə, xüsusilə sovet hakimiyyəti illərində sıxışdırılmış, rəsmi dairələrdə istifadə olunmasına maneələr yaradılmışdır. Sovet dövründə Azərbaycan dili uzun müddət kölgədə saxlanılmış, onun rəsmi dairələrdə işlənməsi məhdudlaşdırılmışdı.Rus dili ön plana çəkilmiş, Azərbaycan dili isə yalnız məhdud sahələrdə işlədilmişdir. Rus dilinin hakim mövqedə olduğu bir dövrdə ana dilimizin inkişafı qarşısında süni sədlər yaradılmış, məktəblərdə, rəsmi sənədlərdə və mətbuatda Azərbaycan dilindən istifadəyə əngəllər törədilmiş,ana dili unudulmağa məhkum edilmişdi.
Bütün bu maneələrə baxmayaraq, xalqımız öz dilinə sevgi və sadiqliklə yanaşmış, onu ürəyində yaşatmışdır. Lakin dilin hüquqi statusa malik olmaması onun inkişafına və gələcək nəsillərə ötürülməsinə təhlükə yaradırdı. Bu təhlükəni görən, duyan və məsuliyyətini anlayan şəxs isə Ulu Öndər Heydər Əliyev oldu.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan əlifbası və dili ilə bağlı göstərdiyi xidmətlər xalqımızın dil tarixində dönüş nöqtəsi olmuşdur. O, əlifbanın dəyişdirilməsi və latın qrafikalı Azərbaycan əlifbasına keçidin zəruriliyini tarixi və strateji baxımdan əsaslandıraraq deyirdi:
“Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu sübut edən əsas amillərdən biri də onun milli əlifbası və milli dilidir. Biz latın qrafikalı əlifbamıza keçməklə həm də milli mənsubiyyətimizi, istiqlalımızı nümayiş etdirdik.”
1978-ci ildə SSRİ dövründə yeni Konstitusiyanın qəbul olunması zamanı bir çox respublikaların rəhbərləri milli dillərini konstitusiyadan çıxarırdılar. Amma Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq Azərbaycan dilini dövlət dili kimi Konstitusiyada təsbit etdirdi. Bu tarixi hadisə, o dövr üçün son dərəcə cəsarətli və prinsipial bir qərar idi. Bu, Sovet imperiyası çərçivəsində milli dilin hüquqi status alması baxımından son dərəcə cəsarətli və misilsiz bir addım idi.
“Mən istədim ki, Azərbaycan dili unudulmasın. Onun dövlət dili kimi tanınması bizim milli varlığımızın ifadəsidir,” – deyən Ulu Öndər, dilimizi yalnız qorumaqla kifayətlənmədi, onun inkişafı üçün də mükəmməl şərait yaratdı. Bu cəsarətli addım həm milli özünüdərk prosesini gücləndirdi, həm də gənc nəsildə ana dilinə olan sevgi və hörmət hissini artırdı.
Müstəqillik qazanmış hər bir dövlət üçün dil və əlifba onun milli atributları, azadlığının və suverenliyinin rəmzidir. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının milli dəyərlərinə, o cümlədən dilinə və əlifbasına böyük məhəbbət və məsuliyyət hissi ilə yanaşırdı. 1990-cı illərin əvvəllərində o, Azərbaycanın milli əlifbasına – latın qrafikasına keçidi müstəqilliyimizin təməl sütunlarından biri kimi qiymətləndirdi. Onun sözləri bu baxışı açıq şəkildə əks etdirir:
“Azərbaycanın müstəqil dövlət kimi yaşaması üçün onun milli atributları – dili, əlifbası, bayrağı, himni olmalıdır. Biz əlifbamıza, dilimizə sahib çıxmaqla milliliyimizi, dövlətçiliyimizi nümayiş etdiririk.”
Ulu Öndər Heydər Əliyev Azərbaycan dilini yalnız kommunikasiya vasitəsi kimi deyil, xalqımızın qüruru və milli sərvəti kimi dəyərləndirirdi. Onun aşağıdakı fikirləri bu sevginin və fəxr hissinin ən parlaq təzahürüdür:
“Mən hər zaman fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam! Mən fəxr etmişəm ki, Azərbaycan dilində danışıram, bu dildə düşünürəm, bu dildə yazıram və bu dil mənim ruhumun dilidir.”
Bu fikirlər sadəcə bir bəyanat deyil, xalqına, dilinə, mədəniyyətinə bağlı bir liderin ürək sözləridir.
Bu dəyərli irsin davamlılığını təmin etmək məqsədilə 2001-ci ildən etibarən 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu gün ana dilimizə sevginin və hörmətin simvolu olmaqla yanaşı, gənc nəsillərdə dilə olan milli bağlılığı daha da gücləndirir.
Bu əlamətdar gün münasibətilə hər bir azərbaycanlı qürurla deməlidir: Azərbaycan dili bizim milli kimliyimizin, tariximizin və sabahımızın əsas dayağıdır. Hər bir müəllim, şagird, vətəndaş dərk etməlidir ki, ana dili təkcə ünsiyyət vasitəsi deyil, milli varlığımızın ifadəsidir. Dilimizi qorumaq, onu sevmək və gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Mətanət Əliyeva