
Ana dili — xalqın ruhunun, tarixinin, mədəniyyətinin aynasıdır. Hər bir xalqı tanıdan onun danışdığı dildir. Biz Azərbaycan xalqı olaraq minillərlə yaşı olan, zəngin və poetik Azərbaycan dili ilə fəxr edirik. Hər il 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu gün təkcə bir tarix deyil, həm də milli yaddaş, milli kimlik və mədəni irs günüdür.
Azərbaycan dili min illik bir yol keçmiş, zənginləşmiş, klassik ədəbiyyatımızdan tutmuş çağdaş düşüncəmizə qədər öz gücünü və çevikliyini sübut etmişdir. Dahi söz ustadlarımız — Nizami Gəncəvi, Füzuli, M.F.Axundzadə, Cəlil Məmmədquluzadə, M.Ə.Sabir və digərləri Azərbaycan dilinin təkcə ədəbi dil deyil, həm də xalqın güzgüsü olduğunu göstərmişlər.
XX əsrdə Azərbaycan dili və əlifbası müxtəlif dəyişikliklərə məruz qalmışdır: ərəb, latın və kiril qrafikaları arasında keçidlər olmuşdur. Lakin ən önəmli hadisələrdən biri, 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının rəsmi status qazanması olmuşdur. Bu keçid sadəcə texniki dəyişiklik deyil, milli kimliyə dönüş, müstəqil Azərbaycan dövlətinin öz dilinə sahib çıxmasının göstəricisi idi.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinə böyük önəm verərək bu sahədə ardıcıl islahatlar aparmış, 2001-ci ildə 1 Avqust tarixini Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi rəsmi şəkildə elan etmişdir. Bu addım, dilimizin dövlət dili kimi möhkəmlənməsi və onun qorunması yolunda atılmış mühüm bir addım idi.
Azərbaycan dili sadəcə danışıq vasitəsi deyil. Bu dilin içində ana nəfəsi, torpaq qoxusu, xalqın yaddaşı, sevinci və kədəri var. Bu dil milli birliyimizin, dövlət müstəqilliyimizin əsas dayaqlarındandır. Hər bir gənc bu dilə sahib çıxmalı, onu düzgün, şüurlu və sevgi ilə öyrənməlidir. Çünki “xalqı xalq edən, milləti millət edən onun ana dilidir.”
Bu gün biz texnologiyanın, qloballaşmanın hökm sürdüyü bir dünyada yaşayırıq. Xarici dillərin öyrənilməsi vacib olsa da, öz dilimizi unutmaq, onu arxa plana atmaq ən böyük itkilərimizdən biri olar. Azərbaycan dili bizim tariximizdir, özümüzük, gələcəyimizdir.
Məktəblərdə, ali təhsil müəssisələrində, televiziyada, rəsmi sənədlərdə Azərbaycan dilinin tətbiqi, tədrisi və inkişafı üçün geniş imkanlar yaradılmışdır. Lakin ən önəmli məsuliyyət ailədə, valideynlərin və müəllimlərin üzərinə düşür. Uşaqlarımız ilk kəlmələri ana dilində eşidir və danışır. Onlara bu dili sevərək, qürurla öyrətmək həm borcumuz, həm də gələcək üçün ən gözəl sərmayəmizdir.
Unutmayaq, dil təkcə sözlər toplusu deyil. Dil bir ruh daşıyıcısıdır, milli yaddaşdır, kimlikdir, ruhun nəfəsidir. Hər birimiz bu dili qorumaqla özümüzü, mədəniyyətimizi, müstəqil dövlətçiliyimizi qorumuş oluruq.
Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin tarix müəllimi Günel Kərəmova