Dilimiz milli sərvətimizdir!

Dilimiz milli sərvətimizdir!
Ulularımızdan bizə çox şey yadigar qalıb. Hələ Şah İsmayıl Xətayi vaxtilə öz övladlarına bunu demişdi: “Babalarımızdan bizə üç şey miras qalıb: torpağımız, qeyrətimiz, dilimiz”. Fikrimizcə, onlardan ən möhtəşəm və ən önəmlisi zəngin xəzinələri özündə yığıb saxlayan əzəmətli söz qalamız – dilimizdir. Niyə ən önəmlisi? Çünki bir milləti millət edən onun dilidir.
Dil milləti təşkil edən ünsürlərin başında gəlir. Bir millət, hər şeydən öncə, eyni dildə danışan insanların birliyidir. Dil bir milləti, təkbaşına ayaqda tutmaq qüdrətinə malikdir. Bir millət başqa bir millətin içində qalarsa, başqa bir dövlətin idarəsi altına düşərsə, dil milli mənliyi qoruyaraq onu yox olmaqdan, əriyib başqalaşmaqdan, qarışıb yoxa çıxmaqdan xilas edir, mənliyini itirməkdən qurtarır. Deməli, dil bir millətin ən qiymətli milli-mənəvi varlığı, ən böyük sosial göstəricisidir.Milli şüurun ən qüvvətli qaynağı, müəyyənliyi milli dildir. Milli şüur isə millətin, azadlığın, dövlətin və dövlətçiliyin təməlidir.
Deyirlər, dil həm də xalqın mentaliteti, milli xarakteri, ənənələri, əxlaqı və dəyərlər sistemini əks etdirən bir güzgüdür. Azərbaycan dili də xalqımızın milli varlığını müəyyən edən sərvətdir. Harada yaşamasından asılı olmayaraq, milyonlarla soydaşımızın ünsiyyət vasitəsi olan dilimiz tarixən böyük inkişaf yolu keçib, zaman-zaman ən müxtəlif təzyiqlərə məruz qalsa da, öz varlığını qoruyub saxlayıb.
Tarixi qədim olan ana dilimiz yüzilliklərin, minilliklərin sınağından çıxmış, müxtəlif dönəmlərdə ədəbi dildən məişət nitqi səviyyəsinə ensə də, başını qaldırıb ədəbi dil statusu, dövlət dili titulu qazanan qüdrətli dildir
Dili, ilk növbədə, onun daşıyıcısı olan xalq yaşadır. Dilin dövlət dili statusu alması isə təkcə xalqdan, millətdən, yaradıcı ziyalılardan asılı məsələ deyil. Tarix dönə-dönə sübut edib ki, dilin inkişafı milli müstəqillik ideyalarına sadiq olan, siyasi iradəsi və qətiyyəti ilə xalqının tarixinə daxil olan liderlərin adı ilə sıx bağlıdır.
Avqustun 1-i “Azərbaycan Əlifbası və Azərbaycan dili Günü” kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
Ana dilin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.
Babalarımızın əmanəti və milli varlığımızın əsası olan ana dilini qoruyub gələcək nəslə yetirmək hər birimizin birgə missiyamızdır.

Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Lalə Rüstəmova

Oxşar xəbərlər