
Azərbaycan əlifbası xalqımızın mədəniyyətinin, tarixinin və milli kimliyinin ayrılmaz hissəsidir. Əsrlər boyu xalqımız müxtəlif əlifbalardan istifadə etmiş, lakin həmişə öz milli kimliyini qorumağa nail olmuşdur. 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan dili və latın qrafikalı əlifbamız dövlət səviyyəsində təsdiq edildi. Bu qərar dilimizin beynəlxalq aləmdə daha geniş tanınmasına, gənc nəslin inteqrasiyasına şərait yaratdı.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dilini milli varlığımızın əsas dayağı kimi qiymətləndirirdi. Onun təşəbbüsü ilə qəbul edilən qərarlar dilimizin dövlət dili kimi möhkəmlənməsində mühüm rol oynadı. Ulu Öndər Heydər Əliyev dəfələrlə çıxışlarında vurğulayırdı: “Azərbaycan dili bizim milli sərvətimizdir və onu qorumaq hər birimizin müqəddəs vəzifəsidir”. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Onun rəhbərliyi ilə ölkəmizdə dilimizin saflığının qorunması, qloballaşma dövründə milli kimliyimizin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılır. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, dövlət dili yalnız ünsiyyət vasitəsi deyil, həm də milli mənəviyyatımızın, tarixi yaddaşımızın əsas göstəricisidir.
Latın qrafikalı Azərbaycan əlifbası müasir dövrün tələblərinə cavab verir və xalqımızın dünyaya açılmasında mühüm vasitə rolunu oynayır. 1 Avqust-Əlifba və Azərbaycan Dili Günü məktəblərdə, ali təhsil müəssisələrində, eləcə də mədəniyyət ocaqlarında xüsusi qeyd edilir. Bu gün gənc nəslin milli dilimizə daha böyük sevgi ilə yanaşmasına, milli köklərinə bağlı qalmasına xidmət edir.
1 Avqust- Əlifba və Azərbaycan Dili Günü yalnız bir bayram deyil, həm də milli kimliyimizin, tarixi varlığımızın və gələcək nəsillərə olan məsuliyyətimizin rəmzidir. Azərbaycan xalqı əmindir ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dil siyasəti nəticəsində ana dilimiz daim inkişaf edəcək, dünya miqyasında öz mövqeyini möhkəmləndirəcək.
Maştağa qəsəbəsi 187 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Aydəmirova Solmaz