
Bu gün də Ordu quruculuğu dövlətin prioritet məsələsi kimi daim ölkə prezidenti cənab İlham Əliyevin nəzarətindədir. Otuz ilə yaxın bir müddətdə Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Bu gün hərb tarixinə adını qızıl hərflərlə yazan, siyasi gücünü Ali Baş Komandandan alan, güclü hərbi texnika ilə təchiz olunmuş cəsur hərbçilərimizin şücayəti nəticəsində ərzi bütovlüyümüzün bərpasının qürurunu yaşayırıq. Bu gün bayrağımızın Şuşada, Xankəndində dalğalanması bir daha sübut etdi ki, Silahlı Qüvvələr dövlətin gücüdür və bu güc İlham Əliyev siyasətinin hər addımında daha da güclənəcək və inkişaf edəcəkdir. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir. Dövlətin gücü Azərbaycan xalqının dəstəyinin təzahürüdür. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasət ordumuzun gücünə güc qatır.
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Vüsalə Baxışlı