Laçın rayonu əsrarəngiz yeraltı və yerüstü sərvətlərə malikdir

Laçın rayonu əsrarəngiz yeraltı və yerüstü sərvətlərə malikdir
26 avqust Laçın şəhər günü Azərbaycanın füsunkar guşələrindən biri olan Laçın rayonu ölkənin cənub qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi Kəlbəcər, Xocalı, Şuşa, Xocavənd, Qubadlı rayonları və Ermənistan ilə həmsərhəddir. Laçın rayonu tarixi keçmişi zəngin olan bir ərazidir. Qədim dövrlərdə bu torpaqlarda müxtəlif türk tayfaları məskən salmış və rayonun tarixi-mədəni irsi çoxsaylı abidələrlə zəngindir. Laçın rayonu əsrarəngiz yeraltı və yerüstü sərvətlərə malikdir. Rayonun təbii ehtiyatları, sıx meşələri, əvəzolunmaz təbiəti, su mənbələri və eləcə də bitki və heyvanat aləmi ilə diqqətəlayiqdir. Buranın dağlıq ərazilərində qızıl, mis, dəmir filizi kimi qiymətli metalların yataqları vardır. Laçın rayonu bol su ehtiyatlarına da malikdir. İstisu, turşsu və narzan kimi mineral bulaqları ilə zəngindir. Sıx meşə örtüyü ilə də tanınan Laçın müxtəlif növ ağacları ilə ekosistemin qorunmasında mühüm əhəmiyyət kəsb edir. Laçın rayonu strateji əhəmiyyətli və coğrafi mövqeyi ilə seçilən ərazi olduğundan daim düşmənin diqqətini cəlb etmişdir. Nəticədə rayon 18 May 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olundu. Laçının işğalı Azərbaycan tarixində acı və ağrılı bir səhifədir. Erməni tapdağında olduğu müddətdə çoxsaylı yaşayış məntəqələri, evlər, ictimai binalar, infrastruktur dağıdılmış və qədim tarixi abidələrə, məscid və türbələrə və digər mədəni irsə böyük zərər vurulmuşdur.
Laçın dəhlizinin işğalı Qarabağın Azərbaycanın digər bölgələri ilə əlaqəsini kəsmişdir.. 27 sentyabr 2020-ci ildə başlamış, 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Müzəffər Ordusu digər işğal olunmuş ərazilərimiz kimi, Laçın rayonunu da yenidən öz nəzarətinə keçirdi. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsasən Ermənistan Laçını tamamilə Azərbaycana qaytardı. Bu tarixi hadisə Azərbaycanın 28 ildən sonra Laçın üzərində suverenliyinin bərpası ilə nəticələndi. Cənab Prezident İlham Əliyev Laçının işğaldan azad olunmasından sonra rayonda genişmiqyaslı yenidənqurma və bərpa işlərinin aparılacağını bəyan etmişdir. Dövlət başçısı bildirmişdir ki, ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaqdır. Artıq laçınlılar öz dədə-baba yurdlarına geri qayıdır. Laçında əhali ilə görüş keçirən Cənab Prezident İlham Əliyev vurğulamışdır ki, uzun və əzablı illərdən sonra laçınlılar burada daim rahat yaşayacaqdır.

Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
ingilis dili müəllimi Nisə Sadıqova

Oxşar xəbərlər