Neft satışı yüksək səviyyədə olanda ticarət dövriyyəsi artır

Neft satışı yüksək səviyyədə olanda ticarət dövriyyəsi artır
Son illrərin bizə başucalığı gətirən tarixi sübut etdi ki,Azərbaycan haqqın,ədalətin tərəfində olanların yanındadır. Biz sülhü, qarşılıqlı əməkdaşlığı,rasional inteqrasiyanı prioritet hesab edərək,bütün dünya ölkələri ilə üfüqi baxış bucağını məqbul sayırıq.
Bu günlərdə ölkəmizə rəsmi səfər edən Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi To Lam və onun nümayəndə heyəti ilə keçirilən görüşlər və bu görüşlərdən sonra mətbuata verilən bəyanatlar yuxarıda deyilənləri bir daha təsdiq etməkdədir.
Əvvəla onu qeyd edək ki,Azərbaycan-Vyetnam əlaqələrinin tarixi ötən əsrin dərinliklərinə gedib çıxır. Belə ki,hələ 1959-cu ildə Vyetnam inqilabının lideri, Demokratik Respublikanın Prezidenti Ho Şi Min Azərbaycan SSR-yə rəsmi səfərdə olmuşdu.Bu o zaman xəritəyə adı yeni daxil edilən sosialist ölkəsinin rəhbərinin sovetlər ölkəsinin müttəfiq respublikasına ilk rəsmi gəlişi idi.
Lakin bu əlaqələr birtərəfli olmadı.1983-cü ildə o zaman SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olmuş Ulu Öndər Heydər Əliyevin Vyetnamda işgüzar görüşlər keçirməsi xüsusilə diqqət çəkir.Bu görüşlərdən sonra ölkələrimiz arasında iqtisadi,sosial və humanitar sahədə qarşılıqlı əməkdaşlığın dinamik templə inkişaf etdiyini izləyə bilirik.
Müstəqilliyini qazandıqdan sonra Azərbaycan bizə dost ölkələrlə əməkdaşlığı daha da genişləndirmək yolunda inamlı addımlar atmışdır.Cənab Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama rəsmi səfər etməsi bu sarsılmaz qətiyyətin bariz nümunəsidir. Növbəti ildə Vyetnam lideri Çyonq Tan Şanqın ölkəmizə təşrifi etimadın möhkəmləndirilməsi,ikitərəfli faydalılığın yüksəldilməsi istiqamətində uğurlu bir pillə oldu.
Bu gün iki ölkə arasında iqtisadi əlaqələr durmadan inkişaf edir. 2024-cü ildə ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi 224 milyon ABŞ dolları səviyyəsində olmuşdur.Lakin məsələ təkcə rəqəmlərlə bitmir.
Cənab Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda ölkələrimiz arasında ticari münasibətlərə yanaşaraq,gerçək təfərrüatı belə incələmişdi: Əfsuslar olsun ki, iqtisadi-ticari istiqamət üzrə ticarət dövriyyəsinin dinamikası Azərbaycanın Vyetnama neft satışından asılıdır. Neft satışı yüksək səviyyədə olanda ticarət dövriyyəsi artır, azalanda azalır. Əlbəttə, biz ticarət dövriyyəmizi daha da balanslaşdırılmış formada görmək istərdik və bunun üçün, təbii ki, qarşılıqlı informasiya mübadiləsi lazımdır. Hansı layihələr ölkələrimizdə həyata keçirilir, investisiya imkanları nədən ibarətdir, qaydalar, qanunvericilik bazası, vergi inzibatçılığı - bütün bu məsələlər biznes dairələri üçün gərək aydın olsun. Belə olan halda əminəm ki, ticarət dövriyyəsi təkcə neft amilindən asılı olmayacaq”.
Sevindirici haldır ki,səfər çərçivəsində iqtisadi əməkdaşlıq sahəsində bir sıra protokollara imza atılmış, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu”;
“SOCAR Trading Singapore PTE LTD” ilə “Binh Son Refining and PetrochemicaI JSC” arasında Anlaşma Memorandumu”;
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Elm və Texnologiya Nazirliyi arasında elm, texnologiya, innovasiya və rəqəmsal inkişaf sahələrində Anlaşma Memorandumu” kimi razılaşmalar əldə olunmuşdur.
Beynəlxalq təşkilatlarda birgə təmsilçiliyimiz də uğurlu və dünya düzəninə fayda veən olmuşdur. Hər iki ölkə Qoşulmama Hərəkatının üzvüdür və bu mövqeyindən haqqı,ədaləti müdafiə etmək amalı ilə istifadəyə çalışır. Bir neçə il öncə Vyetnamın bizim haqq işi uğrunda mücadiləmizə dəstək verməsini misal çəkə bilərik. Azərbaycan 4 il Qoşulmama Hərəkatına sədrlik etmiş və həmin dövrdə bu beynəlxalq qurum sülhün və təhlükəsizliyin qorunub saxlanılmasında cahanşümül nailiyyətlərə imza ata bilmişdir.
Baş katib To Lamın Azərbaycana səfəri çərçivəsində tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın imzalanması iki ölkə münasibətlərinin tarixində yeni dövrün başlanğıcı oldu. Cənab Baş katibin əminliklə söylədiyi kimi, biz yaxın zamanlarda ikitərəfli münasibətlərimizi dərinləşdirə və genişləndirə biləcəyik, inkişaf naminə üstün cəhətlərimizdən faydalanacağıq. Birgə Bəyantda partiya, dövlət, parlament kimi bütün səviyyələrdə əlaqələri və təmasları, hökumətlərarası komissiya vasitəsilə iqtisadi əməkdaşlığı fəallaşdırmaq kimi mühum məqamlar öz əksini tapıb.
Bu səfər iki ölkə arasında münasibətləri yeni bir müstəviyə qaldırmış oldu. Belə ki, Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat imzalanması artıq diplomatik gəlişmələrin daha yüksək ranqıdır söyləməyimizə əsas verir.


Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin
tarix müəllimi Elxan İsmayılov

Oxşar xəbərlər