
Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri isə dövlətlərimiz arasındakı münasibətlərdə yeni səhifə açmışdır. Bu səfərlər zamanı müxtəlif sahələrdə əməkdaşlıq sənədləri imzalanmış, xüsusilə də energetika, ticarət, tikinti, maliyyə və informasiya texnologiyaları sahələrində fəaliyyət göstərən işgüzar dairələrin iştirakı ilə keçirilən Birinci Azərbaycan–Vyetnam biznes forumu strateji əlaqələrin iqtisadi əsaslarını gücləndirmişdir. Hər iki ölkənin hökumətləri tərəfindən yaradılmış iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya isə institusional səviyyədə qarşılıqlı əlaqələrin inkişafına xidmət etməkdədir.
Azərbaycan və Vyetnam beynəlxalq arenada da səmərəli əməkdaşlıq etməkdədirlər. Prezident İlham Əliyev qeyd etdi ki, hər iki ölkə BMT və Qoşulmama Hərəkatı kimi platformalarda bir-birinin mövqelərini dəstəkləyir. Bu həmrəylik yalnız siyasi bəyanatlarla məhdudlaşmır, konkret təşəbbüslərlə ifadə olunur. Xarici işlər nazirlikləri arasında keçirilən siyasi məsləhətləşmələr və parlamentlərarası işçi qrupların fəaliyyəti bu əməkdaşlığı davamlı və effektiv edir. 2025-ci ilin aprel ayında keçirilmiş son məsləhətləşmələr də tərəflərin qarşılıqlı anlaşmaya əsaslanan siyasət yürütməyə sadiqliyini göstərdi.
2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin vyetnamlı məzunlarını bir araya gətirən Vyetnam–Azərbaycan Dostluq Assosiasiyasının yaradılması isə bu əlaqələri təşkilatlanmış formada davam etdirmək üçün mühüm addım olmuşdur. İkitərəfli münasibətlərin mühüm sahələrindən biri də mədəniyyət və humanitar əməkdaşlıqdır. Bu istiqamətdə bir çox simvolik və praktiki addımlar atılıb. 2024-cü ildə Bakıda Vyetnam əsgərlərinin qəhrəmanlığına həsr olunmuş “Əfsanə yaradanlar” filminin nümayişi və Ho Şi Minin Azərbaycana səfərinin 65 illiyinə həsr olunmuş “Vyetnam Günləri” kimi tədbirlər xalqlar arasında mədəni yaxınlığı və qarşılıqlı rəğbəti gücləndirən təşəbbüslər kimi yadda qalmışdır.
Namiq Muradov - YAP Sabunçu rayon təşkilatının fəal üzvü