
Azərbaycan Respublikasının beynəlxalq əlaqələri durmadan inkişaf edir. Dünyanın müxtəlif siyasi və coğrafi qütblərində dayanan ölkələrlə ikitərəfli münasibətləri uğurla təmin edən dövlətimiz müstəqil xarici siyasət yeritdiyini aşar şəkildə nümayiş etdirir.
Mayın 7-də Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri də dediklərimizin daha bir bariz nümunəsidir. Baş katiblə görüşən Azərbaycan Prezidenti İlham Əliyev mətbuata verdiyi bəyanatda deyib ki, imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat çox ciddi siyasi sənəddir: “Əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır”.
Prezident İlham Əliyevin bildirdiyi kimi, energetika sahəsində əməkdaşlıq bu gün daha çox ticarət əməkdaşlığı formasında aparılsa da, qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edilib.
“Əfsuslar olsun ki, iqtisadi-ticari istiqamət üzrə ticarət dövriyyəsinin dinamikası Azərbaycanın Vyetnama neft satışından asılıdır. Neft satışı yüksək səviyyədə olanda ticarət dövriyyəsi artır, azalanda azalır. Əlbəttə, biz ticarət dövriyyəmizi daha da balanslaşdırılmış formada görmək istərdik və bunun üçün, təbii ki, qarşılıqlı informasiya mübadiləsi lazımdır. Hansı layihələr ölkələrimizdə həyata keçirilir, investisiya imkanları nədən ibarətdir, qaydalar, qanunvericilik bazası, vergi inzibatçılığı - bütün bu məsələlər biznes dairələri üçün gərək aydın olsun. Belə olan halda əminəm ki, ticarət dövriyyəsi təkcə neft amilindən asılı olmayacaq” – Prezident İlham Əliyev bildirib.
Azərbaycan və Vyetnam bərpaolunan enerji növlərinin istehsalı ilə bağlı fikir mübadiləsi aparır. Azərbaycanın bu sahədə çox böyük imkanları, potensialı var. İmzalanmış kontraktlar 5 il bundan sonra bizə 6500 meqavat gücündə yeni enerji, təmiz enerji güclərini qazandıracaq və Vyetnam şirkətləri investisiya qoymağa dəvət edilib. Eyni zamanda, Azərbaycan tərəfi də Vyetnamda bərpaolunan enerji növlərinə sərmayə qoymağa hazır olduğunu bildirib.
Mühüm sahələrdən biri də müdafiə sənayesi sahəsində əməkdaşlıqdır. Hər iki ölkədə sənayenin bu istiqaməti kifayət qədər inkişaf edib. Burada da səylərin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq fayda gətirə bilər.
Bunlardan başqa, ölkələrimizin beynəlxalq təşkilatlardakı birgə fəaliyyətinin də çox ürəkaçan olduğu qeyd edilib. Vyetnam bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəkləmişdi və dövlət başçımız buna görə dost ölkəyə minnətdarlıq edib. Eyni zamanda, biz Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstəririk. Azərbaycan bu təsisata 4 il sədrlik etmişdir və çox gözəl bir iz buraxmışdır. Bu gün Qoşulmama Hərəkatının daha da sanballı təsisat kimi fəaliyyəti hər iki ölkənin marağındadır.
Kürdəxanı qəsəbəsi, 113 nömrəli
tam orta məktəbin direktoru Gültəkin Rüstəmova