Ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinin əsas istiqamətlərindən biri də turizmdir

Ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinin əsas istiqamətlərindən biri də turizmdir
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev may ayının 6-da “Vietnam News Agency” agentliyinə müsahibə verib. Cənab prezident müsahibəsində Azərbaycan və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətlərinin birləşdirdiyini qeyd edib.Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.
Xarici işlər nazirliklərinin xətti ilə daima siyasi məsləhətləşmələr aparılır. Onlardan sonuncusu bu il aprelin ikinci yarısında keçirilmişdir. Hər iki ölkənin parlamentlərində parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir.Ölkələrimiz ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir.Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub”- deyə İlham Əliyev müsahibəsində vurğulayıb.
Prezident İlham Əliyev ölkələrimizin həmçinin neft sahəsində də qarşılıqlı fəaliyyət göstərdiyini söyləyib.Belə ki 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında müqavilə imzalanıb. Neft sahəsindəki əməkdaşlıq möhkəm tarixi təmələ əsaslanır – çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar. Təsadüfi deyil ki, 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub.
Prezident İlham Əliyev mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlığın kökünün sovet dövrünə gedib çıxdığını amma son illərdə daha da inkişaf etdiyini qeyd edib. O bildirib ki,1955-ci ildə Azərbaycan bəstəkarı Qara Qarayev Vyetnam müharibəsi haqqında ilk sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı bəstələyib, onun premyerası 2023-cü ildə Hanoyda olub. 1959-1962-ci illərdə Prezident Ho Şi Minin dəvəti və sovet hökumətinin təklifi əsasında azərbaycanlı rejissor Əjdər İbrahimov Vyetnamda kino məktəbinin yaradılmasında fəal iştirak edib, orada ustad dərsləri keçib və üç film çəkib. O, bu xidmətlərinə görə Vyetnam Sosialist Respublikasının ali “Əmək” ordeni ilə mükafatlandırılıb.Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb, onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutur.
Prezidentin 2014-cü ildə Hanoya səfəri zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüş olmuşdu və onlar ölkəmiz və burada keçirdikləri illərlə bağlı səmimi sözlərini ifadə etmişdilər. Həmçinin 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilmişdi.Ölkələrimiz arasında mədəni əlaqələrdən söz düşmüşkən cənab prezident qeyd edib ki, onlar müxtəlif təşəbbüslər və layihələr vasitəsilə inkişaf etməkdə və möhkəmlənməkdə davam edir. Məsələn, 2024-cü ildə Bakıda vyetnamlı əsgərlərin Vyetnam müharibəsində qəhrəmanlığına həsr edilmiş “Əfsanə yaradanlar” filminin nümayişi oldu. Həmin il paytaxtımızda Vyetnam Lideri Ho Şi Minin Azərbaycana səfərinin 65 illiyi münasibətilə Vyetnam Günləri keçirildi.
Eyni zamanda Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir.Bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri çərçivəsində vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşünün baş tutduğunu İlham Əliyev müsahibəsində bildirmişdir.Beləliklə, biz deyə bilərik ki, Azərbaycanla Vyetnam arasında münasibətlər bütün əsas sahələr üzrə uğurla inkişaf edir.
Prezident İlham Əliyev Vyetnam lideri cənab Lamın səfərinin daha fəal əməkdaşlığa mühüm təkan olacağını, Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacağını nəzərə çatdırmışdır.”Cənab Lamın qarşıdakı səfəri onun Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi qismində ilk səfəri olacaq. Tərəflərin ikitərəfli münasibətlərin dərinləşdirilməsi səylərini əks etdirən və qarşılıqlı fəaliyyətdə yeni istiqamətlər açan bu hadisə böyük siyasi əhəmiyyətə malikdir. Bu kontekstdə səfəri haqlı olaraq Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirmək olar.Səfər proqramına ikitərəfli gündəliyin əsas aspektlərini əhatə edən məsələlərin geniş dairəsi daxildir. Bu, aktual mövzulara dair hərtərəfli fikir mübadiləsi aparmağa, yanaşmaları razılaşdırmağa və gələcəkdə qarşılıqlı fəaliyyətin perspektiv istiqamətlərini müəyyənləşdirməyə imkan verəcək. Siyasi dialoqa, iqtisadi-ticari əlaqələrə, həmçinin humanitar və mədəni mübadiləyə xüsusi diqqət yetiriləcək”-deyə agentliyin əməkdaşlarına verdiyi müsahibədə qeyd edib.
Ümumiyyətlə Vyetnamla Azərbaycan arasında müxtəlif sahələrdə qarşılıqlı fəaliyyət potensialını inkişaf etdirmək üçün hər iki ölkə bütün imkanlara sahibdir.İqtisadi-ticari münasibətlərdən danışarkən qeyd etmək lazımdır ki, bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da öz növbəsində iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur.
Ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinin əsas istiqamətlərindən biri də turizmdir. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafı ilə paralel surətdə iki ölkənin vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasına kömək edəcək. Müştərək mədəniyyət layihələrinin intensivləşdirilməsi, səhiyyə və ekologiya sahələrində humanitar missiyalarla bağlı proqramların və birgə təşəbbüslərin inkişafı – bütün bunlar ölkələrimiz üçün qarşılıqlı maraq doğuran istiqamətlərdir.



Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Feridə Seyidbəyli

Oxşar xəbərlər