
Dövlət başçımız cənab İlham Əliyevin 2014-cü ildə Vyetnama etdiyi dövlət səfəri və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin yeni mərhələyə qədəm qoymasına səbəb oldu. Həmin səfər çərçivəsində müxtəlif sahələri təmsil edən işgüzar dairələrin iştirakı ilə keçirilən Birinci Azərbaycan–Vyetnam biznes forumu tərəfdaşlıq üçün geniş imkanlar yaratdı. Əməkdaşlığın davamlı inkişafını təmin etmək məqsədilə iqtisadi, ticarət, elmi və texniki sahələri əhatə edən Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyası fəaliyyət göstərir. Bu qurum qarşılıqlı təşəbbüslərin həyata keçirilməsi və daimi dialoqun aparılması üçün vacib platformadır. Həmçinin, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr də mütəmadi olaraq keçirilir və bu il aprelin ikinci yarısında növbəti görüş baş tutub. Parlamentlərarası əlaqələr də mövcuddur və hər iki ölkədə bu məqsədlə xüsusi işçi qrupları fəaliyyət göstərir. Azərbaycan və Vyetnam beynəlxalq səviyyədə, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində də fəal əməkdaşlıq edir.
Azərbaycan Vyetnamla iqtisadi-ticarət sahəsində əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 223,93 milyon dollar təşkil edib və bu sahədə daha böyük artım üçün potensial mövcuddur. Neft sahəsində də əməkdaşlıq uğurla davam edir. 2019-cu ildə “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu sahədə tərəfdaşlıq dərin tarixi köklərə malikdir. Çünki vaxtilə Azərbaycanlı mütəxəssislər Vyetnamda neft sənayesinin formalaşmasında mühüm rol oynayıblar.
Dövlətlərimiz arasındakı münasibətlər regionlararası inteqrasiya və qlobal əməkdaşlığın uğurlu nümunəsi kimi diqqət mərkəzində qalmaqda davam edir. İnanıram ki, Vyetnam Kommunist Partiyasının Baş katibi cənab To Lamın səfəri isə bu strateji kursa yeni impuls verərək Azərbaycan–Vyetnam münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşıyacaq.
Nəbi Hacıyev – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi