Nazirlikdən müğənnilərin vergi ödənişi ilə əlaqədar yeni məlumat

Nazirlikdən müğənnilərin vergi ödənişi ilə əlaqədar yeni məlumat Vergilər Nazirliyi məlumat yaydı

Vergilər Nazirliyi müğənnilər ilə klipmekerlər arasındakı vergi münasibətlərinin tənzimlənməsi barədə məlumat yayıb.

Nazirliyin sözügedən məlumatını təqdim edirik.

“Adətən, müğənnilər klip çəkilişlərini, musiqi səsyazmalarını, səsli və video şəklində musiqi albomlarının hazırlanmasını həyata keçirməsi üçün bu xidmətləri göstərən studiyalara müraciət edirlər. Belə studiyalar müğənninin özünə də məxsus ola bilər.

Bu halda, müğənni öz studiyasında çalışan fiziki şəxslərlə əmək ödənişləri məqsədilə əmək müqaviləsi bağlamalı, studiyada istifadə olunan avadanlıqların və bütün digər alətlərin alışını rəsmiləşdirməli, həmin avadanlıqlara amortizasiya hesablamalı, studiyada istifadə olunan materialların (disklərin və çəkilişlə bağlı digər xammal və materialların) alışı ilə əlaqədar sənədləşmələri təmin etməlidir. Lakin çox hallarda müğənnilər başqa peşəkar studiyaların xidmətlərindən istifadə edirlər.

Bunun üçün başqa fiziki şəxs (fərdi sahibkar) və ya hüquqi şəxs qismində fəaliyyət göstərən studiyalarla müğənni arasında xidmət müqaviləsi bağlanması zəruridir.

Müğənni studiyaya ödədiyi xidmət haqqı üçün kassa mədaxil orderi və ya mədaxil qəbzi, həmçinin xidmətlərin təhvil-təslim edilməsi üçün akt tərtib olunaraq özünə təsdiq üçün təqdim etməsini studiyadan tələb etməlidir ki, bu xərclərin sənədləşdirilməsi təmin olunsun”.

Oxşar xəbərlər