Azərbaycan beynəlxalq münasibətlərdə öz maraqlarını qoruyan, lakin əməkdaşlığa hər zaman açıq olan dövlətdir

Azərbaycan beynəlxalq münasibətlərdə öz maraqlarını qoruyan, lakin əməkdaşlığa hər zaman açıq olan dövlətdir Müasir dövrdə ölkələrin inkişafı və təhlükəsizliyi onların digər dövlətlərlə qurduğu münasibətlərdən çox asılıdır. Xüsusilə dünya siyasətində böyük rolu olan ölkələrlə əməkdaşlıq hər bir dövlət üçün mühüm əhəmiyyət daşıyır. Bu baxımdan ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri diqqət mərkəzində oldu. Bu səfər zamanı cənab Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat isə Azərbaycanın beynəlxalq arenadakı mövqeyini bir daha göstərdi. Məncə, bu hadisə ölkəmizin dünyada tanınan və hörmət edilən dövlətə çevrildiyini sübut etdi.
Prezident İlham Əliyev çıxışında ilk növbədə Azərbaycan ilə ABŞ arasında mövcud olan münasibətlərdən danışdı.O bildirdi ki,iki ölkə arasında əlaqələr qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulub. Bu münasibətlər yalnız siyasi sahə ilə məhdudlaşmır, eyni zamanda iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrini də əhatə edir. Məncə bu fikir Azərbaycanın güclü tərəfdaş kimi qəbul olunduğunu göstərir.
Bəyanatda enerji məsələsinə xüsusi diqqət yetirildi.Cənab prezident vurğuladı ki, Azərbaycan uzun illərdir dünyanın müxtəlif ölkələrini neft və qazla təmin edən etibarlı tərəfdaşdır. Bu sahədə ABŞ şirkətləri ilə həyata keçirilən layihələr ölkə iqtisadiyyatının inkişafına böyük töhfə verib. Bu əməkdaşlıq həm Azərbaycanın, həm də tərəfdaş ölkələrin maraqlarına xidmət edir.
Cənab prezident İlham Əliyev regional təhlükəsizlik və sülh mövzusuna da toxundu. O qeyd etdi ki, Azərbaycan Cənubi Qafqazda sabitliyin qorunmasına xüsusi önəm verir və problemlərin sülh yolu ilə həllini dəstəkləyir. Məncə bu mövqe ölkəmizin məsuliyyətli və sülhpərvər dövlət olduğunu göstərir.
Bəyanatda iqtisadi sahədə yeni əməkdaşlıq imkanlarından da danışıldı. Xarici investisiyaların ölkəmizə cəlb olunması, texnologiya sahəsində birgə layihələrin həyata keçirilməsi gələcək inkişaf üçün mühüm addımlar kimi qiymətləndirildi. Bu isə gənclər üçün yeni iş imkanlarının yaranmasına və ölkənin rifahının artmasına səbəb ola bilər.
Prezidentin çıxışından aydın oldu ki, Azərbaycan beynəlxalq münasibətlərdə öz maraqlarını qoruyan, lakin əməkdaşlığa hər zaman açıq olan dövlətdir. Mənim fikrimcə, bu siyasət ölkəmizin uzunmüddətli inkişafı üçün çox düzgün yoldur.
Nəticə olaraq demək olar ki, ABŞ Vitse-prezidentinin Azərbaycana səfəri və cənab prezident İlham Əliyevin verdiyi bəyanat ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndiyini bir daha sübut etdi. Bu çıxışda səslənən fikirlər Azərbaycanın etibarlı tərəfdaş, regionda sabitliyin əsas dayağı və müstəqil siyasət yürüdən dövlət olduğunu göstərdi. Mən buna Azərbaycan diplomatiyasının böyük uğuru kimi baxıram və inanıram ki, bu cür görüşlər ölkəmizin gələcək inkişafına mühüm töhfələr verəcək.



Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Nübar Rüstəmova

Oxşar xəbərlər