Azərbaycan – ABŞ iqtisadi əlaqələri uzunmüddətli perspektivlərə malikdir

Azərbaycan – ABŞ iqtisadi əlaqələri uzunmüddətli perspektivlərə malikdir
Azərbaycan özünün iqtisadi inkişaf strategiyasının prioritetlərini dəfələrlə müxtəlif görüşlərdə - ABŞ-da keçirilən müzakirələrdə, Dünya İqtisadi Forumunda və digər müstəvilərdə səsləndirib və bu istiqamətdə beynəlxalq hüquq normalarına hörmətlə yanaşan bütün dövlətlərlə əməkdaşlıq etməyə hazırdır. Sevindirici haldır ki, regionda sülhün möhkəmləndirilməsində Azərbaycanın, eləcə də Ermənistanın iqtisadi inkişaf perspektivlərinin reallaşmasında dünyanın bir nömrəli dövləti olan ABŞ da maraqlıdır.
Təbii ki, ABŞ-ın regiona gəlişinin əsasını təşkil edən TRIPP layihəsi (Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu) beynəlxalq arenada da olduqca maraqla qarşılanır və perspektivli layihə kimi qiymətləndirilir. Bunun paralelində, aparıcı ABŞ şirkətlərinin ölkəmizin enerji, nəqliyyat, təbii qaz, turizm, süni intellekt, data mərkəzləri, müdafiə sənayesi kimi istiqamətlərlə maraqlanması Azərbaycan-ABŞ münasibətlərinin perspektivlərini ifadə etməklə, həm də iki ölkə arasında hazırlanmaqda olan Strateji Tərəfdaşlıq Xartiyasının ilkin müsbət nəticələri kimi də dəyərləndirilə bilər.
2025-ci il avqustun 8-də Ağ Evdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə görüşü iki ölkə arasında biznes münasibətlərinə, iqtisadi əlaqələrə xüsusi stimul verdi. Avqust görüşündən bir neçə ay sonra artıq ABŞ-ın aparıcı şirkətləri ölkəmizdəki əlverişli investisiya mühitini canlı olaraq görmək, investisiya yatırımı sahələrini konkretləşdirmək və uzunmüddətli biznes əlaqələri qurmaq üçün Bakıdadır.
Azərbaycan regionun lider dövlətidir, Avrasiyanın aparıcı nəqliyyat-tranzit qovşağıdır. Ölkəmiz 25-30 il əvvəldən başlayaraq etibarlı nəqliyyat infrastrukturu formalaşdırıb, bütün növ yükləri daşımağa qadir mexanizmlər yaradıb. Bütün bunlar regiona maraq göstərən tərəflərin Azərbaycanla iqtisadi əlaqələrini zərurətə çevirir. Yəni regionda Azərbaycanın iştirakı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür. Bu baxımdan, dünyanın bir nömrəli dövləti də bunu dəqiqliklə bilir, yüksək qiymətləndirir və Azərbaycanla uzunmüddətli iqtisadi əlaqələrin qurulmasında maraqlıdır.
Nəbi Hacıyev – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Oxşar xəbərlər