Azərbaycanın qlobal rolunu gücləndirəcək sənəd

Azərbaycanın qlobal rolunu gücləndirəcək sənəd
Fevralın 10-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens tərəfindən hər iki ölkənin hökumətləri arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Bu sənəd siyasi, iqtisadi və təhlükəsizlik baxımından ölkəmiz üçün olduqca mühüm əhəmiyyət daşıyır. Sənədə əsasən, tərəflər müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək niyyətindədirlər. Azərbaycan və ABŞ terrorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərini nəzərə alaraq mövcud antiterror əməkdaşlığını genişləndirməyi planlaşdırırlar. Eyni zamanda, kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi sahəsində bacarıqların artırılması üzrə əməkdaşlıq nəzərdə tutulur. Tərəflər Azərbaycan Respublikasının mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, humanitar minatəmizlənmə sahəsində maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə potensialın artırılmasında əməkdaşlıq etmək niyyətindədirlər. İmzalanan sənəddə qeyd edilib ki, tərəflər Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq iştirakçı ölkələrə beynəlxalq və ölkədaxili bağlantı üçün qarşılıqlı faydaları təmin etməklə, Azərbaycan Respublikasının əssas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyətini qəbul edirlər. Bakıda keçirilən görüşlər və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması mərasimində mətbuata birgə bəyanatda Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan ilə ABŞ arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur. Ölkə başçısı bəyanatında Tramp marşrutunun əhəmiyyətini qeyd edib. Bildirib ki, bu marşrut nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, eyni zamanda, çox etibarlı, təhlükəsiz qaydada böyük daşımalar dəhlizinə çevriləcək. O, Azərbaycan ərazisi, Ermənistan vasitəsilə Asiyanı Avropa ilə birləşdirəcək və digər qonşular da burada iştirak edəcəklər.
Mövcud proseslər göstərir ki, ABŞ-Azərbaycan münasibətləri artıq yalnız ayrı-ayrı layihələr və ya dövri siyasi təmaslar səviyyəsində deyil, strateji baxış və uzunmüddətli maraqlar əsasında inkişaf edir. ABŞ şirkətlərinin artan iştirakı, siyasi dialoqun intensivləşməsi və regional sülh gündəliyinə verilən dəstək Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edir. Bu yeni mərhələ həm ikitərəfli münasibətlər, həm də Cənubi Qafqazda sabitlik və inkişaf baxımından mühüm perspektivlər vəd edir.
Vüqar Musayev-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Oxşar xəbərlər