Son illərdə Azərbaycan beynəlxalq münasibətlər sistemində daha fəal və təşəbbüskar mövqe nümayiş etdirərək strateji əməkdaşlıqlarını genişləndirmək istiqamətində ardıcıl addımlar atır. Qlobal siyasi və iqtisadi proseslərin sürətlə dəyişdiyi bir dövrdə böyük dövlətlərlə qurulan institusional tərəfdaşlıqlar ölkənin milli maraqlarının qorunması və uzunmüddətli inkişaf strategiyasının təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Məhz bu kontekstdə fevralın 10-da Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu aydın şəkildə nümayiş etdirir.
Bu sənəd siyasi, iqtisadi və təhlükəsizlik baxımından ölkəmiz üçün olduqca mühüm əhəmiyyət daşıyır. Sənədə əsasən, tərəflər müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək niyyətindədirlər. Bu, müdafiə sənayesi məhsullarının satışı, hərbi-texniki sahədə təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi kimi istiqamətləri əhatə edir. Belə əməkdaşlıq Azərbaycanın müdafiə qabiliyyətinin daha da gücləndirilməsinə, silahlı qüvvələrin modernləşdirilməsinə və regional təhlükəsizlik mühitində mövqeyinin möhkəmlənməsinə xidmət edəcək. Bununla yanaşı, Azərbaycan və ABŞ terrorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərini nəzərə alaraq mövcud antiterror əməkdaşlığını genişləndirməyi planlaşdırırlar. Kəşfiyyat məlumatlarının mübadiləsi, qabaqlayıcı tədbirlərin gücləndirilməsi və beynəlxalq təhlükəsizlik təşəbbüslərində koordinasiyalı fəaliyyət bu istiqamətdə əsas prioritetlərdən olacaq. Sənəddə kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi sahəsində bacarıqların artırılması da xüsusi yer tutur. Rəqəmsallaşmanın sürətlə artdığı bir dövrdə kibertəhdidlərin qarşısının alınması, enerji və nəqliyyat kimi strateji sahələrin qorunması üzrə əməkdaşlıq ölkənin milli təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, tərəflər Azərbaycanın mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq humanitar minatəmizlənmə sahəsində əməkdaşlıq etməyi planlaşdırırlar. Bu çərçivədə maliyyə dəstəyi, qabaqcıl texnologiyaların ötürülməsi və mütəxəssislərin hazırlanması vasitəsilə potensialın artırılması nəzərdə tutulur. Bu istiqamətdə atılacaq addımlar işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunmasına, məcburi köçkünlərin qayıdışının sürətləndirilməsinə və dayanıqlı bərpa prosesinə mühüm töhfə verəcək.
Sənəddə süni intellekt mərkəzlərinin yaradılması, Azərbaycanın su təminatının gücləndirilməsi, hərbi sənaye avadanlıqlarının satışı və digər mühüm iqtisadi layihələr üzrə əməkdaşlıq nəzərdə tutulur. Bu istiqamətlər ölkənin texnoloji modernləşməsini sürətləndirə, sənaye potensialını artıraraq iqtisadi dayanıqlığını möhkəmləndirə bilər.
Samiyə Abdulkərimova - 12 saylı şəhər poliklinikasının baş həkimi