20 Yanvar faciəsi xalqımızın həm qanlı və həm də şanlı tarixidir

20 Yanvar faciəsi xalqımızın həm qanlı və həm də şanlı tarixidir 15 müttəfiq respublikadan biri olaraq Sovet İttifaqının tərkibində olan Azərbaycan Respublikası bu dövr ərzində ittifaq ölkələri arasında xüsusi yeri ilə fərqlənmişdir. Sovet hakimiyyəti qurulan dövrdən başlayaraq ölkəmizin vətəndaşları idarə olunduğu qanunlara sadiq olmuş və SSRİ-ni öz vətənləri hesab etmişlər. Həmin dövrə nəzər yetirsək, SSRİ-nin inkişafında, bütün sahələr üzrə xalqımızın nümayəndələrinin əməyi çox böyükdür. İstər aqrar sahədə, istər təhsil sahəsində, istər hərbi sahədə, istər idarəçilik sahəsində və s. xalqımızın nümayəndələrinin əməyi danılmazdır. Hətta 1941-1945-ci illərdə alman faşizminə qarşı mübarizədə xalqımız misilsiz qəhrəmanlıq göstərmiş hətta Reyxstaqa ilk sancılan bayraq məhz Azərbaycanlı Rəşid Məcidovun komandanlığı ilə olmuşdur. Bakı neftinin həmin müharibə dövründə qırıcılar üçün istifadə olunan ən yaxşı və əvəzolunmaz yanacaq olduğunu nəzərə alsaq Azərbaycan Respublikası olmasa idi müharibədə alman faşizmi üzərində qələbə qazanıla bilməzdi deyərdim. Nəzərə alaq ki, bu müharibə Böyük Vətən Müharibəsi adlanırdı və onlarla azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Lakin, tarix göstərdi ki, Sovet Höküməti heç də ittifaq ölkələrindəki xalqlara çox da sevgi bəsləmirmiş və heç də onların əməyini dəyərləndirəcək səmimiyyətə malik deyilmiş. İttifaqın rəhbəri olan Mixayil Qorbaçovun “yenidənqurma” adlı siyasəti, eyni zamanda onun apardığı digər islahatlar Sovet Hökümətinin əsl iç üzünü açıb göstərirdi. Bu dövrlərdə, 1988-ci ildən başlayaraq qərbi Azərbaycanda minlərlə azərbaycanlı öz ata-baba yurdlarından didərgin salındılar, hansı ki, milli etnik zəmində münaqişələr Sovet ideologiyasında birmənalı olaraq cinayət hesab edilirdi. Əlavə olaraq Qarabağda erməni separatizminin baş qaldırması, xalqımıza qarşı törədilən müxtəlif cinayətlərə göz yumulması demək olar ki, sözün həqiqi mənasında Sovet hökümətinin Azərbaycanda çokməsindən xəbər verirdi. Tarixən yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan xalqımız bu dəfə də öz müqəddəratına biganə qala bilməzdi və elə buna görə də Bakıda, həmçinin ölkəmizin digər şəhər və kəndlərində meydanlara çıxaraq ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliyə son qoyulması tələbini irəli sürdülər. Xalqımızın iradəsini qırmaq üçün isə Sovet ordusu tərəfindən 1990-cı ilin 19-dan 20-nə keçən geçə qətliam törədildi. Dinc, əliyalın- silahsız olan xalq kütləsi ağır texnikaların, odlu silahların hədəfinə çevrildi.
Təbii ki, bu əmri qoşun bölmələrinə verən və “Bakı əməliyyatı”na birbaşa rəhbərliyi edən SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov idi. Fövqəladə vəziyyətin yanvarın 20-də tətbiq edilməsinə baxmayaraq, bu vaxta qədər hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Azərbaycana göndərilən 60 minə yaxın qoşun bölmələri Rusiyanın müxtəlif şəhərlərindən gətirilən, həm də, tərkibində çoxlu ermənilərdən ibarət desant qüvvələri idi. Beləliklə, 20 Yanvar faciəsi baş verdi...
20 Yanvar faciəsi xalqımızın iradəsini nəinki sarsıtmadı, əksinə milli kimliyizin formalaşmasında böyük təkan oldu. Lakin, xalqımızın bu haqlı mübarizəsindən istifadə edərək hakimiyyətə gələn və hətta özlərini bu mübarizənin ideoloqi adlandıran Azərbaycan Xalq Cəbhəsinin başında duranlar, hakimiyyətə gəldikdən sonra bu faciə haqqında heç bir bəyanat belə vermədilər, hətta danışmadılar da.
1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ulu Öndərimizin bu çıxışından sonra Azərbaycanda kütləvi olaraq insanlar Partiya biletlərini yandırmağa, cırıb atmağa başladılar. Mən deyərdim ki, SSRİ höküməti 20 Yanvar faciəsi ilə də süqut etməyə başladı.
Ulu Öndərimiz deyirdi “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.”
Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi.
20 Yanvar faciəsi xalqımızın həm qanlı və həm də şanlı tarixidir. Bu mübarizə müstəqilliyimizin ilk toxumlarını səpdi, hansı ki, həmin toxumlar bizim qəhrəman şəhidlərimizin qanları idi. Bu faciədən sonra xalqımız yenə də meydanlara çıxdı və eyni zamanda öz qəhrəman şəhidlərini qərənfilə bürüyərək Şəhidlər Xiyabanında torpağa tapşırdı.
20 Yanvar şəhidlərimizin başlatdığı müstəqillik mübarizəsi bitmədi əksinə gücləndi və hətta elə gücləndi ki, qərənfilimiz, Müzəffər Ali Baş Komandanımızın, Şəhidlərimizin, Müzəffər Ordumuzun sayəsində işğaldan azad olmuş Şuşamızda Xarıbülbülə qovuşdu. Bu qovuşma isə o deməkdir ki, şəhidlərimizin qanı yerdə qalmadı.
Şəhidlər Ölməz, Vətən Bölünməz!
Allah bütün şəhidlərimizə rəhmət etsin.

Sabunçu qəsəbəsi, 215 nömrəli tam orta məktəbin
direktoru Cavad Mustafayev

Oxşar xəbərlər