20 yanvar hadisələri də xalqımızı müstəqillik amalı ətrafında sıx birləşdirdi

20 yanvar hadisələri də xalqımızı müstəqillik amalı ətrafında sıx birləşdirdi
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!
Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!
Azadlığı istəmirəm bir həb gibi, dərman gibi
İstəyirəm səma gibi, günəş gibi,cahan gibi!
Çəkil, çəkil, ey qəsbkar, mən bu əsrin gur səsiyəm!
Gərək deyil sısqa bulaq, mən ümmanlar təşnəsiyəm!!!
20 yanvar 1990-cı il xalqımızın tarixinə qanlı yazılan bir tarix. Bir xalqın öz hüquqlarını tələb etməsinin qarşısını silah gücünə almağa çalışdılar. Həmin gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə XI Qırmızı Ordu hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilərək dinc əhalini ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirdilər. SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin hazırlayıb həyata keçirdiyi “Zərbə” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı “Alfa”, SSRİ DTK-nın “A” təxribat qrupları oynayırdı. Ümumilikdə , respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi.
20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. Azərbaycanlıların milli kimliyinin formalaşması sürətləndi. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü. Bu zaman sanki tarix yenidən təkrarlanırdı. 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş mart soyqırımında da məqsəd eyni idi. Xalqın gözünü qorxutmaq və muxtariyyətə olan inamını sarsıtmaq. Amma bundan sonra xalqımızın nəinki muxtariyyətə olan meylləri sarsıldı, əksinə artıqmüstəqillik uğrunda mübarizəsini gücləndirərək tezliklə Azərbaycanda ilk müstəqil respublikanı yaratdılar. 20 yanvar hadisələri də xalqımızı müstəqillik amalı ətrafında sıx birləşdirdi.
Qanlı yanvar hadisələrinə ilk etiraz edən də Ümummilli lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi.
Bu gün Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşdırılmışdır.
Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.
Məzarında rahat yat ey şəhidim! Bu gün sənin qanın bahasına qaldırılan üç rəngli bayrağımız bütöv Azərbaycanın başı üzərində qürurla dalğalanır.

Zabrat qəsəbəsi, 307 nömrəli tam orta məktəbin
tarix müəllimi Zümrüd Quliyeva

Oxşar xəbərlər