
Dövlət başçısı İlham Əliyevin sözügedən səfərləri artıq icrasını cari ildə başa çatdıran dördüncü Dövlət Proqramı çərçivəsində regionların inkişafı barədə aydın təsəvvür yaradır: “Təkcə cənab İlham Əliyevin bu səfəri zamanı görülən işlərlə tanışlığına və açılışında iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Belə ki, dövlət başçısı Qazaxda yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun, “Venzana” mebel fabrikinin, “Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi" çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin açılışında, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində iştirak etdi. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində, Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış oldu. Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin, Samux Rayon Mərkəzi Xəstəxanasının, Samuxda Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunan Sərkar kənd uşaq musiqi məktəbinin yeni binasının açılışında iştirak etdi.”

İlkləri ilə dünyanın diqqətində olan ölkəmizin həm işğaldan azad edilmiş ərazilərdə, həm də digər bölgələrdə beynəlxalq aləmdə Azərbaycan brendi kimi nüfuz qazanan “ASAN xidmət”, ABAD, DOST mərkəzlərinin coğrafiyasının genişləndirilməsinə xüsusi diqqət göstərməsi təqdirəlayiq hal kimi dəyərləndirilir: “Bir daha təsdiqlənir ki, dövlətimizin siyasətində insan amili əsas yer tutur. İnsanların rahat yaşayışının təmin edilməsi üçün bütün zəruri addımlar atılır. Vətəndaş məmnunluğunun artırılması dövlət başçısı İlham Əliyevin əsas çağırışları sırasındadır. Sosial təminat sisteminin əhatə dairəsi daha da genişləndirilir. Cənab İlham Əliyev Bərdə rayonuna səfəri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak etdi. Məlumdur ki, hazırda Azərbaycanda 6 DOST Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə indiyədək 1 milyondan artıq insana xidmət göstərilib. Vətəndaşların xidmətlərdən məmnunluq dərəcəsi 98 faizdən yüksəkdir. 2025-ci ilədək DOST mərkəzlərinin sayının 17-yə, yerlərdə xidmətlərin təşkili məqsədilə filiallarının sayının 55-ə çatdırılması planlaşdırılır. Dövlət başçısı İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Dövlətimizin dayanıqlı inkişafın, yüksək rifahın təmin edilməsi istiqamətində atdığı addımların beynəlxalq səviyyədə dəstəklənməsi, Azərbaycan brendi kimi tanın layihələrin tətbiqinə marağın göstərilməsi və həyata keçirilməsi yeni iqtisadi, sosial inkişaf modelimizin nəticəsidir. Zamanın, dövrün tələbinə uyğun olaraq təkmilləşmə, iqtisadi imkanların artması fonunda güclü sosial siyasət, aztəminatlı ailələrə xüsusi diqqət və qayğı, özünüməşğulluq proqramının icrasına start verilməsi, bütün göstərilən xidmətlərdə şəffaflığın təminatı məqsədilə “ASAN xidmət”, ABAD, DOST mərkəzlərinin yaradılması kimi biri-birindən mühüm addımlar və layihələr beynəlxalq səviyyəli tədbirlərdə əsas diqqət göstərilən məsələlər sırasındadır.”

Zaur müəllim diqqəti işğaldan azad edilmiş ərazilərimizdə hazırkı dövrün tələblərinə uyğun, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində görülən işlərə, soydaşlarımızın yaradılan şəraitlə bağlı böyük məmnunluq hissi ilə söylədikləri fikirlərə yönəldərək belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycanın malik olduğu imkanlar hər bir hədəfə doğru inamla addımlamasını təmin edir.