Bu gün Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər ən yüksək səviyyədədir və yüksələn xətlə inkişaf etməkdədir

Bu gün Azərbaycan Respublikası ilə  Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər ən yüksək səviyyədədir və  yüksələn xətlə inkişaf etməkdədir


Starteji cəhətdən əhəmiyyətli və eyni zamanda mürəkkəb bölgədə yerləşən Azərbaycan həm öz milli maraqlarına, müstəqilliyinin qorunub möhkəmləndirilməsinə, həm də digər dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinin qurulmasına xidmət edən xarici siyasət kursuna uyğun yol seçmişdir.
Hal-hazırda respublikamızın xarici siyasətində Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlər xüsusi bir istiqaməti təşkil edir. Birləşmiş Ərəb Əmirlikləri 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini tanımış ilk dövlətlərdən biri olmuş və iki dövlət arasında 1992-ci ilin 1 sentyabrdan diplomatik əlaqələr qurulmuşdur. İki ölkə arasındakı münasibətləri genişləndirmək məqsədilə 11 aprel 1997-ci il Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Səfirliyi təsis edilmişdir.
1990-cı illlərdə Qarabağda baş verən hadisələri, erməni terrorçularının törətdiyi ağır cinayətləri özündə əks etdirən fotoların yer aldığı sərgilərin təşkil edilməsi, əmirliyin müxbirlərinin həqiqətlərimizi dünyaya çatdırmaq üçün tez-tez ölkəmizə gəlməsi və müharibə vəziyyətindən əziyyət çəkən soydaşlarımıza ərzaq, geyim və zəruri olan digər avadanlıqlarla yardım əlini uzatması Azərbaycan və BƏƏ arasındakı əlaqələrin inkişafına öz müsbət töhfəsini vermişdir. Təzəliklə, yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirildi. Cənab Prezident İlham Əliyev tədbirə dəvət olunanlar arasında xüsusi yer almış və tarixi çıxış etmişdir. Bu cür əhəmiyyətli tədbirdə yer alması respublikamızın dünya səviyyəsində artan nüfuzunun və zəngin neft-qaz potensialı ilə enerji təhlükəsizliyində mühüm rol oynayan əsas dövlətlərdən biri olmasının daha bir göstəricisidir. Cənab Prezident İlham Əliyevin Əbu-Dabidəki çıxışında qeyd etdiyi kimi 200 qiqavata yaxın bərpaolunan enerji potensialı malik ölkəmiz dünyanın daima diqqət mərkəzindədir.
Bu gün Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər ən yüksək səviyyədədir və yüksələn xətlə inkişaf etməkdədir. Bu cür qarşılıqlı xoş münasibətə nümunə olaraq BƏƏ-nin 2022-ci ilin dekabrında Fransa və Ermənistanın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı müzakirəyə çıxardıqları anti-Azərbaycan qətnaməsinə qəti şəkildə etiraz etməsini qeyd etmək yerinə düşər.
Birləşmiş Ərəb Əmirliklərinin bu cür ədalətli mövqedən çıxış etməsi düşmənimizə və onun tərəfdarlarına qarşı apardığımız gərgin siyasi və diplomatik mübarizədə bizim üçün çox böyük önəm kəsb etməkdədir .
Hal-hazırda Azərbaycanda alternativ enerji stansiyalarının yaradılmasında əmirliyin şirkətləri yaxından iştirak edir. Ötən günlərdə Azərbaycan Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair imzalanan müqavilə də bu istiqamətdə inkişafına yönəlmişdir.
BƏƏ ilə Azərbaycan Respublikası arasında əlaqələrin mühüm formalarından biri də xarici ticarətdir. Azərbaycan Respublikasının Asiya ölkələri ilə ticarət əlaqələrində idxalat və ixracatda BƏƏ də özünəməxsus rol oynayır. Azərbaycana BƏƏ-dən kimya və neft-kimya, maşınqayırma məhsulları, elektrotexnika avadanlığı, yüngül və yeyinti sənaye məhsulları gətirilir. Azərbaycandan BƏƏ-nə isə kimya və neft-kimya sənaye məhsulları, yeyinti sənayesi və metallurgiya məhsulları ixrac edilir.
Yekun olaraq qeyd etməliyik ki, dünyanın enerji təhlükəsizlinin təmin edilməsində vacib yer tutması, aralarındakı əməkdaşlığı genişləndirərək islam həmrəyliyinə töhfə verməsi hər iki ölkə üçün xarici siyasətin mühüm istiqamətlərdəndir. Qeyd olunan sahələrdə əməkdaşlığın daimi yüksələn xətlə inkişaf etdirilməsi hər iki ölkə üçün əhəmiyyətli olan əməkdaşlıqdan və gələcək uğurlardan xəbər verir.

Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
direktoru Yasin Quliyev

Oxşar xəbərlər