Prezidentin BƏƏ səfəri ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək

Prezidentin BƏƏ səfəri ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək Azərbaycan dövləti uğurlu xarici siyasət həyata keçirir. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan dünya ölkələri ilə fəal əməkdaşlıq münasibətləri qurub. Bu baxımdan, ərəb ölkələri ilə əlaqələrin inkişafı da xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri ikitərəfli əlaqələrin inkişafına böyük töhfələr verəcək. Səfər çərçivəsində Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub. Görüş zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirdikləri bildirilib, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş siyasi xəttə uyğun olaraq, iki ölkənin müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi qeyd edilib.
Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. Hələ 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb və ölkəmiz bu qurumda müşahidəçi statusuna malikdir. Azərbaycan, həmçinin dünyada güclənən islamofobiya meyillərinə qəti şəkildə qarşı çıxır. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan “Bakı Prosesi” müsəlman ölkələri ilə Avropa dövlətlərini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verib. Bu Proses çərçivəsində Azərbaycan tərəfindən iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilir. Bu isə müxtəlif dinlərin nümayəndələrini bir araya gətirən önəmli beynəlxalq platforma kimi tanınıb. Ərəb ölkələri daim Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər. Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzv dövlətləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının da üzvləridir
Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Enerji qaynaqlarının əhəmiyyəti artır və sürətlə böyüyən dünya iqtisadiyyatı bu qaynaqlara əvvəlkindən daha çox ehtiyac duyur. Artıq strateji enerji mənbələri qlobal geosiyasi vəziyyətə təsir edən amillərdən birinə çevrilib. Bunun təbii bir nəticəsi olaraq zəngin enerji qaynaqlarına sahib olan ölkələr iqtisadiyyat və geosiyasi baxımdan əsas mövqedədirlər.
Ramis Nəsibov-Bakıxanov bələdiyyəsinin sədri

Oxşar xəbərlər