Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi önəmli hadisədir

Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi önəmli hadisədir Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının martın 15-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı tədbirdə çıxış edib.
Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi önəmli hadisədir. 230 meqavat gücündə olan bu stansiya ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək və Azərbaycanın ixrac imkanlarını genişləndirəcək.
Layihənin icraçısı dünyada tanınmış və böyük təcrübəyə malik olan “Masdar” şirkətidir. “Masdar” şirkəti bir çox ölkələrdə uzun illər uğurla fəaliyyət göstərir. Bu şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici bir haldır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici ölkədir, açıq ölkədir.
Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir. Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması əsas prioritetlərimizdən biridir. Uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulubdur. Bu, imkan verdi ki, enerji sahəsində istədiyimizə nail olaq.
Azərbaycan xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkədir.Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var. “Masdar” şirkəti dost ölkəni - Birləşmiş Ərəb Əmirliklərini təmsil edir. Bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar var. Bərpaolunan enerji istehsalı sahəsində də əməkdaşlığa bu gün start verilir.
Bərpaolunan enerji növlərinin inkişafı Azərbaycan üçün prioritet məsələdir. 2023-cü ildə əlavə güclər Azərbaycanın ümumi sisteminə daxil ediləcək və bu işin başlanğıc hissəsidir.
Qonşu ölkələrdə və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac vardır. Azərbaycan elektrik enerjisini yalnız ekoloji cəhətdən təmiz mənbələrdən istehsal edir - təbii qaz, su, günəş və külək. Azərbaycanda bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Məhz buna görə dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar.
İşğaldan azad edilmiş ərazilər böyük potensiala malikdirlər. Artıq dəqiq hesablamalar aparılıb və günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. İlkin addımlar da atılır, BP şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Digər böyük şirkətlər bu bölgəyə maraq göstərirlər.
Qısa müddət ərzində görülmüş işlər Azərbaycanın iqtisadi potensialından xəbər verir. Azərbaycanın sənaye və iqtisadiyyatı durmadan inkişaf edir. Elektrik enerjisi olmadan heç bir ölkə inkişaf edə bilməz. Həm beynəlxalq maliyyə qurumları, həm böyük şirkətlər, investorlar Azərbaycana çox böyük maraqla yanaşırlar. 10 min kvadratkilometrdən çox olan azad edilmiş torpaqların bərpası ölkəmizin dayanıqlı inkişafını təmin edəcəkdir.
Azərbaycanda zəngin neft və qaz yataqları vardır və bu yataqların istismarı və işlənilməsi uğurla gedir. Müasir infrastruktur vardır - həm nəqliyyat, həm kommunikasiya, həm də elektrik xətləri ixrac bazarları ilə bizi birləşdirir. Güclü siyasi iradə vardır. Dünyanın demək olar ki, əksər ölkələri ilə sıx tərəfdaşlıq əlaqələri vardır. Bütün bu amillərin vəhdəti ölkəmiz üçün çox gözəl bir imkanlar yaradır.

Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Şəfa Rzayeva

Oxşar xəbərlər