İşğaldan azad edilmiş əraziərdə layiqli həyat şəraiti təmin edilir

İşğaldan azad edilmiş əraziərdə layiqli həyat şəraiti təmin edilir
“İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınmaqla həyata keçiriləcək tədbirlərin məqsədləri müəyyənləşdirilmişdir. Bütün həyata keçiriləcək tədbirlər Dayanıqlı İnkişaf Məqsədlərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılmışdır. Yeni fəaliyyət mexanizmləri müharibədən sonrakı dövrlərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili istiqamətində müəyyən olunmuşdur. İqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi institusional əsaslara dayanır.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradılmışdır. Hələ postmüharibə dövrünün ilk günlərində təsis edilən bu mexanizmlər işğaldan azad edilmiş ərazilərin bərpası, habelə yenidən qurulması üzrə məsələlərin operativ həllinə xidmət edir. Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyaya işğaldan azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı, habelə yağış sularının idarə olunması ilə bağlı tədbirlərin əlaqələndirilməsi Cənab Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli 2594 nömrəli Sərəncamına uyğun olaraq Əlaqələndirmə Qərargahı ilə birlikdə təmin edilməsi tapşırılmışdır.
Hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılmışdır. Yeni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılması ilə işğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin olunması nəzərdə tutulmuşdur.
Bölgədə nəqliyyat infrastrukturunun formalaşdırılmasına xidmət edən mühüm işlər görülməkdədir. İşğaldan azad edilmiş ərazilərdə qısa zaman ərzində hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi buna aid ən gözəl nümunələrdəndir.
İşğaldan azad edilmiş əraziərdə layiqli həyat şəraiti təmin edilir. Bölgədə elektrik enerjisi, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətləri təmin edilir. Mobil rabitə, radio-televiziya yayımı, xüsusi radiorabitə, internet, poçt və s. təşkili rabitə infrastrukturunun əsaslı şəkildə şaxələndiyini göstərir. Ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi həyata keçirilir, “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyalarının tətbiqinə geniş yer verilir.
Sahibkarlığa dəstək üçün yeni investisiyaların cəlb olunması ilə sahibkarlıq mühitinin formalaşdırılması mühüm əhəmiyyət daşıyır. Turizm sektorunun inkişafı, ərazilərin davamlı sosial-iqtisadi inkişafına nail olunması, əkin sahələrinin və heyvandarlıq təsərrüfatlarının bərpası, müasir suvarma infrastrukturunun formalaşdırılması iqtisadiyyatın yenidən qurulmasına xidmət edəcəkdir. Bölgədəki sosial inkişafı təmin etmək məqsədilə təhsil, səhiyyə və sosial xidmətlərin qabaqcıl standartlara uyğunlaşdırılması təmin olunmuş, sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulmuşdur. İşğaldan azad edilmiş ərazilərdə ətraf mühiti qorumaq, onun tarazlı inkişafına nail olmaq, təbii ehtiyatlardan effektiv istifadə, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi nəzərdə tutulan tədbirlərə aiddir.
Dövlət Proqramı çərçivəsində Böyük Qayıdışla bağlı müəyyən olunmuş prioritet vəzifələrdən biri də yaşayış məntəqələrində təhlükəsiz yaşayışın təmin edilməsi, ərazilər üzrə dövlət sərhədinin etibarlı müdafiəsinin təmin olunmasıdır. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarının artırılması, insan kapitalının inkişaf etdirilməsi, sosial dəstək mexanizmlərinin geniş tətbiqi bölgənin inkişafına hesablanmış addımlardandır.
İşğaldan azad edilmiş ərazilərin minalardan və digər hərbi sursatdan təmizlənməsi bərpa və yenidən qurulma istiqamətində əsas prioritetlərdən biridir. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi və müdafiəsinin, eləcə də polis nəzarətinin təşkili önəmli təhlükəsizlik məsələlərindəndir. İşğaldan azad edilmiş ərazilərdə yerləşən tarixi abidələrin bərpası və qorunması işinin təşkili, abidələrin inventarlaşdırılması, pasportlaşdırılması, mühafizə zonalarının müəyyən edilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Bölgədə dövlət xidmətlərinin əlçatanlığını təmin etmək məqsədilə əhali üçün müxtəlif dövlət xidmətlərinə (“ASAN” xidmət və DOST mərkəzləri və s.) universal çıxış təmin ediləcəkdir. Dövlət Proqramı çərçivəsində məcburi köçkünlərin qayıdışının səmərəli təşkili və hüquqi bazasının yaradılması məqsədilə müvafiq normativ hüquqi aktların qəbul edilməsi, həmçinin əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsi də daxildir.
Əsas hədəf göstəricilərindən biri də postmünaqişə dövründə ərazilərin iqtisadi cəhətdən özü-özünü təmin edən regiona çevrilməsidir. Ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınmaqla Kəlbəcər rayonu hasilat və turizm sənayesi, Ağdam rayonu emal sənayesi, Şuşa rayonu mədəniyyət və turizm sənayesi, Cəbrayıl rayonu ticarət-logistika xidməti, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəzlər kimi qiymətləndirilə bilər.
Dövlət Proqramının icrası qoyulan hədəflər nəzərə alınmaqla monitorinq olunacaqdır. Monitorinq məqsədilə tədbirlər üzrə ilkin, aralıq və yekun nəticələr müəyyən edilir. İlkin nəticələr Dövlət Proqramının icra olunduğu dövr ərzində hər ili, aralıq nəticələr illik əsasda olmaqla 2023-cü, 2024-cü və 2025-ci illəri, yekun nəticələr isə 2026-cı ili əhatə edəcəkdir.

Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi Səid Babayev


Oxşar xəbərlər