
Ölkə başçısı Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesinin effektivliyini artırmaq, bu istiqamətdə özəl-dövlət tərəfdaşlığını möhkəmləndirmək, bölgənin inkişafı üçün məqsədilə bir sıra işlərin icrasına əmr vermişdir. Bununla bağlı sərəncamda deyildiyi kimi: “ Azərbaycan Respublikasının Ermənistanın işğalından azad edilən ərazilərinin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, orada ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu çərçivədə icra olunan layihələr həmin ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsində və iqtisadi inkişafında mühüm rol oynayacaqdır.
Sözügedən ərazilərdə zəngin resurs və infrastruktur potensialından səmərəli istifadə, dövlət‒özəl sektor tərəfdaşlığı və ən əlverişli biznes mühiti əsasında iqtisadi fəaliyyətin canlandırılması və dayanıqlı məskunlaşmanın təmin olunması ölkənin uzunmüddətli inkişaf prioritetləri ilə vəhdətdə olan tədbirlərlə dəstəklənməlidir”.
Şuşanın baş planının hazırlanması zamanı nəzərə alınmışdır ki, Şuşanın yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı təxminən 2 min adam nəzərdə tutulmuşdur. Təqdim olunan baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri öz əksini tapmışdır. Həmçinin, şəhərin baş planında ictimai dayanacaqların da yerləşmə yerləri müəyyən olunub. Baş plan hazırlanarkən, şəhərin relyefinə uyğun olaraq yaşıllıqları və landşaftı qoruyub saxlamaq, onu inkişaf etdirmək məqsədilə yaşıl dəhlizlərin inşası da nəzərdə tutulur.
Həmçinin uzun müddət işğal altında qalan Füzuli şəhəri yenidən qurulur və bərpa olunur. 50 minlik sakini olacaq Füzuli şəhəri gözləniləndən daha qısa müddətdə yenidən bərpa olunub məksunlaşmağa hazır olacaq.
Füzuli Beynəlxalq Hava Limanı dünyada ən qısa müddətdə inşa edilən hava limanlarından biridir. Hava Limanı beynəlxalq standartlara uyğun olaraq qurulan və beynəlxalq uçuşları həyata keçirəcək hava limanıdır. Füzuli rayonunun nəqliyyat və logistik infrastrukturunun formalaşdırılması istiqamətində də işlər intensiv şəkildə həyata keçirilir. Horadiz-Ağbənd dəmir yolu xətti, eləcə də Horadizlə Zəngilanı birləşdirəcək avtomobil yolu, o cümlədən Füzuli-Hadrut, Füzuli-Şuşa Zəfər yollarının inşa edilməsi də ondan xəbər verir ki, işğaldan azad edilmiş torpaqlarımız çox qısa zamanda bərpa və yenidənqurma mərhələsinə qədəm qoymuşdur. Bərpa və yenidənqurmanın daha intensiv şəkildə aparılması məskunlaşma prosesinin gözləniləndən daha tez olacağından xəbər verir.
Sabunçu rayonu, 107 nömrəli tam orta məktəbin
əməkdaşı Aytən Əzimova