Ulu öndər Heydər Əliyevin adı tariximizə böyük xilaskar kimi düşüb. Ulu öndər Heydər Əliyevin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi sayəsində müstəqil Azərbaycan tarixi sınaqlardan uğurla keçdi. İqtisadi, sosial və siyasi böhranların aradan qaldırılmasında xalqımız Azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli lider Heydər Əliyev və xalqın birliyi sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu. Davamlı tərəqqi yolunda Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi irəliləməyə başladı, problemlər mərhələlərlə həll olundu və siyasi sabitlik yarandı.
Ulu öndər Heydər Əliyev ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratdı. Məhz bunun nəticəsində elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başladı. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami ordunun yaradılması və torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Bununla yanaşı atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı. Beləliklə, qısa müddətdə müstəqil Azərbaycan Respublikası Ulu öndər Heydər Əliyevin sarsılmaz iradəsi və uzaqgörənliyi ilə onun suverenliyinə olan bütün təhdid və təhlükələrdən demək olar ki, xilas olundu.
Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirdi. 15 İyun Azərbaycan Milli Məclisinin 1997-ci il 27 iyun tarixli qərarı ilə Qurtuluş Günü kimi rəsmiləşdirildi. “Qurtuluş” xalqımızın Ümummilli Lider Heydər Əliyevin tarixi missiyasına və xidmətlərinə verdiyi ədalətli, obyektiv qiyməti əks etdirir.1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə sədr seçilməsi ölkəmizin ictimai-iqtisadi və siyasi tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu. Bu dövrdə Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtuldu. Göründüyü kimi, Ulu Öndər Heydər Əliyev Azərbaycanı tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək, sabitlik və inkişaf yolunun təməlini qoydu. Azərbaycan xalqının uğurlu gələcəyinə aparan bu yolda hər zaman Ümummilli lider Heydər Əliyev irsinin tükənməzliyi və əbədiliyi hiss edilir.
Maştağa qəsəbəsi, 255 nömrəli tam orta məktəbin
Vüsalə Əliyeva Texnologiya müəllimi