
35 ildən çox davam edən müharibə şəraiti hər iki xalqın yaddaşında dərin izlər buraxmışdı. Minlərlə insan həyatını itirmiş, yüz minlərlə insan yurd-yuvasından didərgin düşmüş, region siyasi, iqtisadi və sosial cəhətdən ağır zərbələr almışdı. İllər boyu müxtəlif beynəlxalq qurumlar və vasitəçilər münaqişənin həllinə çalışsa da, nəticə əldə olunmamışdı. Bu dəfə isə prosesə ABŞ Prezidenti Donald Trampın şəxsən rəhbərlik etməsi həlledici rol oynadı. Sammitdə imzalanan sənədin əsas maddələri iki ölkənin bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmət etməsi, diplomatik və ticarət əlaqələrinin qurulması, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) adlı strateji nəqliyyat dəhlizinin yaradılması və 99 illik əməkdaşlıq razılaşmasıdır. Bu dəhliz vasitəsilə Azərbaycan Naxçıvanla birbaşa bağlantı əldə edəcək, Ermənistan isə ABŞ ilə strateji infrastruktur tərəfdaşlığı quracaq.
Bu görüş regionun gələcəyi üçün mühüm dönüş nöqtəsi olacaq. Bu görüşdə qəbul edilmiş Birgə Bəyannamə uzun illər davam edən münaqişədən sonra Azərbaycan və Ermənistan arasında real sülhün təmin olunması istiqamətində atılmış ən ciddi addım kimi tarixə düşəcək. Məhz dövlət başçımızın prinsipial və balanslı siyasəti nəticəsində Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa etdi və ölkəmizin ərazi bütövlüyü tam şəkildə təmin olundu. Ancaq bu qələbə ilə kifayətlənməyərək, cənab Prezident İlham Əliyev regionda uzunmüddətli və dayanıqlı sülhə nail olmaq üçün diplomatik müstəvidə də eyni dərəcədə vacib və qətiyyətli addımlar atmağa davam etdi.
Cənab Prezident İlham Əliyev bu günü “Azərbaycan xalqının yaddaşına qürur və minnətdarlıq hissi ilə həkk olunacaq” adlandırdı. O vurğuladı ki, ABŞ-la strateji tərəfdaşlıq Azərbaycan üçün həm böyük fürsət, həm də məsuliyyətdir. Bu əməkdaşlıq enerji, süni intellekt, müdafiə, terrorizmlə mübarizə və digər sahələri əhatə edəcək.
Sabunçu qəsəbəsi, 170 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Abbasova