
Azərbaycan etnik və dini müxtəlifliyi ilə tanınan ölkələrdən biridir. Fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda heç vaxt etnik-dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmişdir. Tolerantlıq və multikultural dəyərlər Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış normasıdır. Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, zəngin multikulturalizm dəyərlərinin təbliği və təşviqi dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir. Ayrı-ayrı dini etiqad və inanclara mənsub icmaların əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanda tarixən qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni münasibətlər sistemi formalaşıb.
Azərbaycan tarixi-mədəni irsinə onun dini-etnik mənşəyindən asılı olmayaraq hər zaman hörmətlə yanaşıb. Müasir dövrdə Azərbaycan Respublikasının dünyanın ən tolerant ölkələrindən biri olmasının mühüm tarixi səbəbləri vardır. Tarixən Azərbaycanın ərazisində müxtəlif etnik qruplara mənsub olan xalqların nümayəndələri yaşamışdır. Onların hüquqları dövlət tərəfindən həmişə qorunmuşdur. Etnik azlıqların nümayəndələri əhalinin çoxluğunu təşkil edən Azərbaycan türkləri tərəfindən heç vaxt təqibə, ayrıseçkiliyə məruz qalmamışdılar. Azərbaycan dövləti heç vaxt etnik və dini azlıqların nümayəndələrini assimilyasiya etmək məqsədini qarşısında qoymamışdır. Bundan başqa Azərbaycan dövləti onların hüquqlarının qorunması istiqamətində mühüm addımlar atmışdır. Misal üçün, Azərbaycan Demokratik Cümhuriyyətinin İstiqlal Bəyannaməsində etnik, dini, gender mənsubiyyətindən, sosial vəziyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının siyasi hüquqlarının qorunmasının vacibliyi göstərilir. Azərbaycan Demokratik Cümhuriyyətinin bu maddəyə əməl etməsinin bariz nümunəsi kimi hökumətin tərkibində nazir kimi, parlamentin tərkibində deputat kimi müxtəlif xalqların nümayəndələrinin olmasını güstərmək olar. Dövlətin tolerant və qeyri-ayrıseçkilik münasibətini milli azlıqlarla yanaşı müxtəlik dini icmaların nümayəndələrinə münasibətdə də görmək olar. Azərbaycan Respublikasının din siyasətinin əsas xüsusiyyətlərindən, o cümlədən üstünlüklərindən biri ölkədə rəsmi qeydiyyatdan keçmiş dini icmalara dövlət tərəfindən eyni münasibətin göstərilməsidir. Bu icmalara dövlət hərtərəfli yardım, o cümlədən maliyyə yardımı göstərir. Bakıda və bir çox regionlarımızda olan dini məbədlər dövlətin dəstəyi ilə tikilmiş və ya bərpa edilmişdir.
Bakıxanov qəsəbəsi 96 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Şəlalə Səmədova