
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, paytaxt ərazisində həyata keçirilən növbəti tədbir zamanı yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olunub, onlarla maarifləndirici söhbətlər aparılıb.
Sürücülərə qanunvericiliyin tələbləri izah olunub, qayda pozuntularının digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün də ciddi təhlükə yaratdığı diqqətə çatdırılıb.
Yol hərəkəti və təhlükəsizlik qaydalarına məhəl qoymayaraq həm özləri, həm də digər nəqliyyat vasitələri üçün qəza riski yaradan ikitəkərli nəqliyyat sürücüləri barədə məsuliyyət tədbirləri həyata keçirilib.
İnsanların istirahətini pozan, neqativ hərəkətlərə yol verən moped və motosiklet sürücülərinə qarşı vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər bundan sonra da davam etdiriləcək.
Polis yol hərəkəti iştirakçılarını diqqətli olmağa və qaydalara riayət etməyə çağırır.

