Son illər beynəlxalq informasiya məkanında ölkəmiz üstünlüyü ilə seçilmişdir. Bu sahədə üstünlüyümüzün ən mühüm amili isə Prezident İlham Əliyevin bu illər ərzində tamamilə haqlı, ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsipinə əsaslanan, beynəlxalq hüquqa söykənən bir mövqe nümayiş etdirərək ali tribunalardan çıxışları, beynəlxalq aparıcı kütləvi informasiya vasitələrinə Azərbaycan həqiqətlərini düzgün əks etdirən fikirləri oldu.
Ermənistan Azərbaycan torpaqlarının 20 faizini 30 ildən artıq müddətdə işğal altında saxladı. Uzun müddət Ermənistanla aparılan danışıqlar nəticə vermədi və sonda Azərbaycan 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanaraq işğal faktına son qoydu. 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu Qələbə təkcə 44 günlük müharibənin nəticəsi deyil.
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində mühüm yer tutacaq. Ölkə başçısı cənab İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımıza səfəri zamanı düşmənin darmadağın etdiyi ərazilərimizdə həyata keçiriləcək quruculuq və əsaslı tikinti işlərindən bəhs edərək məcburi köçkün kimi yurdumuzun müxtəlif yerlərində məskunlaşan soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması üçün hər cür şəraitin yaradılacağını bildirmişdir. Cənab Prezident İlham Əliyev adını tarixə ölkəsinin ərazi bütövlüyünü bərpa edən müdrik dövlət başçısı, güclü lider, müzəffər Ali Baş Komandan kimi yazdı. Şah İsmayılın, Nadir şahın qurduğu imperiyaların süqutundan sonra Azərbaycan ilk dəfə bu miqyasda tarixi torpaqlarını qaytarmağa nail oldu. Dedi və etdi. Sözünün sahibi olduğunu yenidən ən ali səviyyədə nümayiş etdirdi. Onun fəlsəfəsi budur. Sözü imzası qədər keçərlidir.
Sabunçu qəsəbəsi, 170 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Abbasova