
Azərbaycanın uğurlu daxili və xarici siyasəti ölkəmizin beynəlxalq aləmdəki reytinqini getdikcə yüksəldir.
Azərbaycan və ABŞ münasibətləri müstəqilliyin ilk illərindən etibarən strateji əməkdaşlıq və qarşılıqlı maraqlar üzərində qurulub. İki ölkə arasındakı əlaqələr enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi inkişaf, demokratik institutların möhkəmləndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrini əhatə edir. Zamanla bu münasibətlər ikitərəfli səviyyədən qlobal miqyasda əməkdaşlıq platformasına çevrilib.
Ümummilli Lider Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə gəldikdən sonra Azərbaycan-Amerika münasibətlərində irəliləyiş özünü göstərdi. Balanslaşdırılmış xarici siyasət ABŞ-la əlaqələrə müsbət təsir etdi.
Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında qarşılıqlı anlaşma və əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlıq üçün güclü zəmin yaradır.
2025-ci ilin avqust ayında Prezident İlham Əliyevin ABŞ-a rəsmi səfəri və bu çərçivəsində Ermənistanla imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda və daha geniş geosiyasi məkanda mühüm dönüş nöqtəsi oldu.
Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxış edərək bildirib ki, bu, həqiqətən tarixi gündür - biz Qafqazda sülhü bərqərar edirik və bu fürsət təkcə bizim regionla məhdudlaşmayacaq. Prezident Trampın düzgün qeyd etdiyi kimi, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” yeni bağlantı əlaqələri yaradacaq, sədləri aradan qaldıracaq və sərmayələr, firavanlıq, sabitlik sayəsində çoxsaylı ölkələr üçün bağlantı imkanları yaradacaq. Azərbaycan və Ermənistan Sovet İttifaqının süqutu nəticəsində eyni vaxtda müstəqillik əldə edib. Ancaq artıq o vaxt biz müharibə şəraitində idik. Biz müharibələrə, işğal dövrünə və qan tökülməsinə uzun illər sərf etdik. Bu gün tarixi gündür, çünki biz sülhü bərqərar edirik. Prezident Tramp Qafqaza sülh gətirir və biz buna görə ona minnətdarıq. Əminəm ki, Ermənistan ilə Azərbaycan sülhün əldə olunması üçün özlərində cəsarət və məsuliyyət tapacaq, xalqlarımız da barışacaqlar.
Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin
kitabxana müdiri Nübar Əliyeva