“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin Azərbaycan üçün əhəmiyyəti

“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin Azərbaycan üçün əhəmiyyəti Fevral ayının 22-də Moskvada Azərbaycan Prezidenti cənab İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamənin ölkəmiz üçün daşıdığı əhəmiyyətdən söz açdıqda, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verdiyini və Azərbaycanın öz müstəqil siyasətinə və təhlükəsizliyinə əlavə zəmanət qazandırdığını qeyd etməliyik.

Azərbaycanı daha da gücləndirən Bəyannamə ölkəmizə yeni imkanlar qazandırır. 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra Cənubi Qafqazda yeni bir regional nizam və konfiqurasiyanın formalaşması nəticəsində Azərbaycanın Türkiyə və Rusiya kimi əsas oyunçularla müttəfiq olması ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir.

Azərbaycanın maraqlarına cavab verən sənəd kimi dəyərləndirilən Bəyannamə tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəd olmaqla yanaşı, hər iki tərəfin, o cümlədən Rusiyanın üzərinə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, separatizmə qarşı mübarizə, bir-birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə edən bir sıra ciddi öhdəliklər qoyur.

Bəyannamə ilə müəyyən olunmuş əməkdaşlığın əsas prinsipləri və strateji sahələri arasında: Beynəlxalq münasibətlərin qəbul olunmuş norma və qaydalarına riayət olunması; Qafqaz və Xəzər regionlarında sabitlik naminə əməkdaşlıq; Tərəflərin təhlükəsizlik maraqlarının qorunması; Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması və Rusiya Federasiyasının vasitəçilik rolu; Uzunmüddətli sülh naminə əməkdaşlıq; Ölkələrin ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətin qarşısının alınması; Hərbi-texniki və siyasi sahədə əməkdaşlıq; Parlamentlərarası əməkdaşlıq; Humanitar sahədə əməkdaşlıq və s. kimi məsələlər dayanır.

Ən mühüm olan isə odur ki, “Azərbaycanla Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” Ermənistanın müttəfiqlik əlaqələri, üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə etməsinin qarşısını alacaq.

M.Ə.Sabir adına 259 nömrəli tam orta məktəbin

ingilis dili müəllimi Nəsirzadə Aydan


Oxşar xəbərlər