Prezident İlham Əliyev sülhün memarıdır

Prezident İlham Əliyev sülhün memarıdır Bu yaxınlarda xalqımız daha bir şərəfli tarix yaşadı. Belə ki, avqustun 8-də Birləşmiş Ştatların Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri sülh yolunda mühüm addım atdılar.Görüşdə çoxdan arzusunda olduğumuz Cənubi Qafqaza sülhü gətirən Bəyanat imzalandı. 30 illər boyunca müharibə olan bir bölgəyə sülhün gəlməsinin nə demək olduğunu onu ancaq gözləyənlər bilər.Bu görüş və imzalanan Birgə Bəyannamə re¬gionun gələcəyi üçün mühüm dönüş nöqtəsi oldu.
Azərbaycan - Ermənistan münaqişəsi yalnız hərbi qələbə ilə deyil, həm də beynəlxalq hüquq çərçivəsində təsbit olunmuş sülh razılaşması ilə başa çatmaq üzrədir. Beynəlxalq hüquqda sülh prosesi yalnız hüquqi sənədlərlə deyil, həm də siyasi iradə ilə təmin edilir. İlham Əliyevin liderliyi bu mənada “proaktiv diplomatiya” nümunəsi oldu. O, 44 günlük müharibə ilə BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququnu icra etdi. ABŞ Prezidenti Donald Trampın “İlham Əliyevlə işləmək şərəfdir” bəyanatı təkcə diplomatik kompliment deyil, həm də liderin beynəlxalq legitimliyinin ABŞ səviyyəsində rəsmən təsdiqidir. Bu, dövlətimizin başçısının regional təhlükəsizlik memarı kimi qəbul edildiyini göstərir. Prezident İlham Əliyevin görüşdə nümayiş etdirdiyi siyasi uzaqgörənlik, dövlətçilik iradəsi və diplomatik məharəti, sadəcə olaraq, müasir dövrün liderlik etalonuna çevrildi. ABŞ Prezidenti Donald Trampın özü də görüş zamanı dəfələrlə vurğuladı ki, Prezident İlham Əliyev dərin strateji təfəkkürə malik liderdir. Tramp mətbuat qarşısında Azərbaycan Prezidentinin yüksək intellektindən, siyasi çevikliyindən və geosiyasi balans yaratmaq bacarığından heyranlıqla danışaraq, onun regional və dünya siyasətində oynadığı rolu açıq şəkildə təqdir etdi.
Bundan sonra sülhün qurulmasına dair sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımlar atılacaq. Yəni yekun sülh sazişinin imzalanması üçün əsas tələblərimizdən biri – Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur. Bəyannamədə yer alan ən vacib müddəalardan biri tərəflərin düşmənçilik səhifəsini bağlaması, eyni zamanda indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd və istisna etməsidir. Bu razılaşma həm də əlaqə və rabitə istəyinin göstəricisidir. Cənab Prezident də bəyan etdi ki, Azərbaycan ölkələr arasında inteqrasiyanın baş verməsini istəyir. Bu isə ilk növbədə Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidini təmin etməli idi. Bu tələb də Ermənistan tərəfindən qəbul edildi. Cənab Prezident daim vurğulayırdı ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Azərbaycan Vaşinqtonda bu məqsədinə də nail oldu.
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi-Alidə Aslanova

Oxşar xəbərlər