Məlum olduğu kimi 23 sentyabr 2024-cü il tarixində VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilmişdir. Bu iclasda cənab prezident İlham Əliyev çıxış etmiş və çıxışı zamanı ölkəmiz üçün vacib olan bir çox nüansları qeyd etmişdir. Ölkə başçısı bildirmişdir ki, builki prezident və parlament seçkiləri tarixi bir hadisədir, çünki bu seçkilər ilk dəfə olaraq müstəqil ölkəmizin bütün ərazisində keçirilmişdir.
Çıxış zamanı İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatının nəticələri, son dövrlərdə ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsi, ölkə qarşısında duran böyük vəzifələr, qazandığımız tarixi qələbə və dünya ölkələrinin bu qələbəyə münasibəti, daxili və xarici təhlükəsizliklə bağlı görülən tədbirlər, işğaldan azad edilmiş torpaqlarımızda keçirilən abadlıq işləri, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, sarsılmaz və qətiyyətli xarici siyasətimiz, Ermənistan dövləti ilə qarşılıqlı münasibət və bir sıra Avropa ölkələrinin birtərəfli mövqeyi toxunulan əsas mövzulardan olmuşdur.
Cənab prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan xalqı öz güclü iradəsi və birliyi ilə 30 illik işğala son qoydu, bütün dünyaya öz əyilməzliyini göstərdi. Bu qalibiyyətin nəticəsi olaraq genişmiqyaslı quruculuq işlərinə, xüsusilə, Qarabağı və Şərqi Zəngəzuru bərpaya başlanılmışdır. Bütün bu işlərlə yanaşı ən vacib vəzifəmiz isə hərbi gücümüzün artırılmasıdır, çünki ölkəmizə qarşı ikili standartlar əsasında qurulmuş ittihamlar hələ də davam edir, Ermənistanda revanşist qüvvələr baş qaldırır, qələbəmizi həzm edə bilməyənlər bizə qarşı mənfur planlar hazırlayırlar.
Ali Baş Komandan onu da vurğulamışdır ki, son səkkiz ayda ölkəmizdə iqtisadiyyat dörd faizdən çox artıb, qeyri-neft sektorunda yeddi faiz olub, eyni zamanda 2018-ci ildən bu yana dörd sosial islahat paketi həyata keçirilib.
Bütün bu göstəricilər dövlətimizin inkişafından və Azərbaycanın özünü ləyaqətli bir dövlət kimi təsdiqləməyindən xəbər verir. Bu inkişafın əsas təminatçısı da məhz gənc nəsildir. Onlar milli ruhda böyüdülməli, Vətənə bağlı olmalıdırlar. Belə tərbiyənin əsas mənbəyi də məhz ailə və məktəbdir.
Balaxanı qəsəbəsi 69 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Aslanlı