Azərbaycanın İkinci Qarabağ, 44 günlük Vətən müharibəsi zamanı möhtəşəm qələbə qazanması, uzun illərdən bəri Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi, heç şübhəsiz, xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir.
Əlbəttə, ölkəmizin bu tarixi nailiyyəti təsadüfi xarakter daşımır və ötən müddət ərzində həm ordu quruculuğu sahəsində, həm diplomatiya cəbhəsində görülən işlərin, eyni zamanda beynəlxalq informasiya müstəvisində Azərbaycan reallıqlarının sistemli və məqsədyönlü şəkildə təbliğinin nəticəsidir. O da xüsusilə vurğulanmalıdır ki, Azərbaycanın bu qürurverici və əzəmətli qələbəsinin müəllifi xalqımızın Ulu Öndəri Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevdir.
Prezident İlham Əliyev savaşın gedişində millətin öndərliyini edərək elə bir tarix yazıb ki, bundan sonra Azərbaycanın gələcək inkişafı məhz həmin tarix üzərində bərqərar olacaq. Bundan sonra biz ölkəmizin gələcəyi ilə bağlı bütün planlarımıza parlaq Zəfərimizin rakursundan baxacağıq. Çünki Prezident ləyaqətli, qürurlu, heç kimdən asılı olmayan, heç kimin sözü ilə oturub durmayan xalq formulunun müəllifi kimi müasir Azərbaycanın unudulmaz salnaməsini yaradıb.
Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.
Müstəqilliyimizi bərpa etdikdən sonra fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilk dəfə bütövlükdə Azərbaycan ərazisində keçiriləcək, işğaldan azad edilmiş torpaqlarımızda ilk seçki olacaq. Odur ki, bu seçki həm də, tarixi zəfər seçkisidir.
Şuşadan, Xankəndidən, Laçından, Kəlbəcərdən və digər işğaldan azad edilmiş rayonlarımızdan olan vətəndaşlarımız öz ata-baba yurdlarında siyasi iradəsini sərbəst şəkildə ifadə edə biləcək. Bu seçki eyni zamanda qalib Prezidentin özünə inamının və xalqın siyasi dəstəyinə əminliyinin sübutudur.
Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq bizim altı ali konstitusion niyyətimizdən biridir. Biz real müstəqilliyimizin 30-cu ilində, nəhayət ki, bu ali niyyətlərimizə nail ola və bəyan edə bilirik ki, Azərbaycan bütün aspektlərdə müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü təmin etmiş dövlətdir və tariximizdə ilk dəfə beynəlxalq hüquqla tanınan ərazi bütövlüyümüz çərçivəsində seçki keçirməyə hazırlaşırıq. Bu mənada, fevralın 7-nə müəyyənləşən növbədənkənar Prezident seçkiləri əslində bizim qürur tariximizin mühüm bir həlqəsi olacaq.
Günümüzün bu reallığı beynəlxalq siyasətçilər, ekspertlər tərəfindən də təsdiqlənir: Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır.
Azərbaycan xalqı cənab İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir.
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Gülüstan Allahverdiyeva