Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir. Bu sözləri Prezident İlham Əliyev yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında demişdir. Dövlət başçısı nitqində həm də qeyd edir ki, bu ilki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu,bizim üçün tarixi bir hadisədir.
Əgər bir neçə il əvvələ nəzər salsaq görərik ki, 44 günlük müharibədəki qələbəmiz dövlətimizin tarixində nə qədər əhəmiyyətli rol oynayıb. Bu isə “Güclü ordu - güclü dövlət” strategiyasının və Ali Baş Komandanın güclü siyasətinin nəticəsidir. Çünki dövlət başçımız iqtisadi sahədə əldə etdiyimiz gücü ordumuzun müasir texnologiyalarla təchiz edilməsinə və peşəkarlığının artırılmasına yönəldib.Digər tərəfdən də xalqımızın bir yumruq kimi birlik göstərməsi,igid oğulların bir an belə düşünmədən canlarını Vətən uğrunda fəda etmələri də bu işğala son qoyan təkanlardandır.”El bir olsa dağ oynadar yerindən” atalar sözünü burda xatırlamamaq olmazdı.Azərbaycan xalqı bir olaraq və güclü iradə,səbr göstərərək işğala son qoydu.Dünya gördü ki, iqtisadi cəhətdən inkişaf edən Azərbaycanın hərbi bazası güclü, şəxsi heyəti cəsur,xalq isə ölkəsi üçün canından belə keçəcək qədər qəhrəmandır. Və bu gün böyük inam və qətiyyətlə deyə bilərik ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin Qalib sərkərdəsi, Azərbaycan Ordusu ən peşəkar Ordu, Azərbaycan xalqı isə ən qəhrəman və vətənpərvər xalq kimi tarixə qızıl hərflərlə yazılacaq.Qələbəyə gedən yol zəhmətli olsa da bu tarixi hadisələrə şahidlik etmək bizim üçün qürurvericidir. Ali Baş Komandanın dediyi kimi, düşmənə elə yumruq vurduq ki, uzun müddət özünə gələ bilməyəcək. 30 illik erməni işğalı bitdi, ona görə də xalqımızın bu gün qalib kimi alnı açıqdır. Bu tarixi qələbələr bizim şərəf salnaməmizdir. Qüdrətli və güclü Azərbaycan bu gün özünün bütün dünya tərəfindən qəbul edilən ərazi bütövlüyü çərçivəsində daha da inkişaf edir.
Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
ingilis dili müəllimi Xəyalə Mustafayeva