2024-cü il fevral ayının 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilmişdir. Nəticədə ümumxalq səsverməsi ilə cənab İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bu, Azərbaycan xalqının ona sonsuz güvənini, inamını bir daha sübut edir. Fevral ayının 14-də isə Milli Məclisdə cənab prezidentin andiçmə mərasimi keçirilib.
Prezident İlham Əliyev 20 ildən artıqdır ki, Azərbaycan dövlətinə rəhbərlik edir və bu illər ərzində xalqın rəğbətini tam qazanıb. İlk dəfə prezident seçildiyi vaxtdan etibarən o, hər zaman xalqın yanında olmuş, qarşısında duran bütün vəzifələri layiqincə yerinə yetirmişdir.
Bu dəfə keçirilən seçkiləri isə “Zəfər seçkisi” adlandırsaq, yanılmarıq. Çünki hələ prezidentliyinin ilk vaxtlarından etibarən rəhbərinə arxalanan xalq tarixi zəfərdən sonra daha qürurlu, daha əzmli xalqa çevrildi. Xalqımız dəmir yumruq kimi birləşərək ölkə rəhbəri ilə birlikdə bütün çətinliklərə sinə gərdi. Əlbəttə, hər bir dövlətdə xalqın birliyi və düzgün seçimlər edən idarəçinin vəhdət təşkil etməsi önəmlidir ki, bu baxımdan Azərbaycan xalqı çox şanslıdır. Çünki cənab İlham Əliyev kimi uğurlu siyasətçi sayəsində xalqımız tarixi torpaqlarına qovuşdu və bütün problemləri dəf etdi. Bununla bərabər, xalqımız da həm ön, həm arxa cəbhədə birliyini, qorxmazlığını, şücaətini göstərdi. Minlərlə oğullarımız göz qırpmadan düşmən qarşısına çıxaraq qanının son damlasına qədər vuruşdu. Arxa cəbhədə isə bütün xalq onlara dəstəyini əsirgəmədi. Beləliklə, Azərbaycan xalqının birliyi, şücaəti və Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. İndi prezidentin düzgün siyasəti və dəstəyi sayəsində xalqımız bu gün azad Qarabağda yaşayır, qurur, yaradır, şəhər və kəndlərini bərpa edir.
Təbii ki, məğlubiyyət mənfur düşmənləri öz çirkin əməllərindən çəkindirmədi. 44 günlük vətən müharibəsi bitdikdən, torpaqlarımız işğaldan azad olunduqdan sonra da onların terrorist əməlləri özünü göstərdi. Əlbəttə, belə əməliyyatlar ordumuz tərəfindən cavabsız qoyulmamış, lazımi cavab tədbirləri görülmüşdür. Bunlardan biri də 2023 - cü ilin Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı idi. Bu əməliyyat bir daha Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin və Silahlı qüvvələrimizin gücünü göstərdi. Nəticədə qarşı tərəf ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur olmuş, Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa etmişdir.
“Zəfər seçkisi” - nin keçirilməsinin xüsusi əhəmiyyəti isə ondan ibarətdir ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir. Artıq Azərbaycan xalqı üçün yeni bir dövr başlayır, yeni, parlaq gələcək qarşıdadır.
Qarşıda duran planların əsasında , təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin inkişafı, işğaldan azad olunan torpaqlarımızda isə lazımi quruculuq işlərinin görülməsi durur. Bunun üçün prezident İlham Əliyev bütün lazımi tapşırıqları verir və biz onun düzgün güclü siyasətini bir daha görürük.
Hər zaman olduğu kimi Azərbaycan xalqı yenə də öz rəhbərinə arxalanır, onun hər sınaqdan, çətinlikdən xalqını üzüağ çıxaracağına inanır. Xalq ali baş komandanın da dediyi kimi dəmir yumruq kimi birləşərək, hər bir problemi dəf etməyə hazırdır.
Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Lamiyə Sadiqova