Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı Şuşada xalqımıza müraciəti zamanı çox mühüm məsələlərə toxundu, olduqca önəmli mesajlar verdi. Əziz xatirəsini böyük hörmət və ehtiramla yad etdiyimiz Ümummilli Liderimizin Azərbaycan xalqı qarşısında misilsiz və müstəsna xidmətlərindən bəhs edən dövlət başçısı, eyni zamanda, sosial-iqtisadi inkişaf, strateji diplomatiya siyasəti, regional təhlükəsizlik, postmüharibə dövrünün quruculuq prosesi, Böyük Qayıdış və digər məsələlər haqqında vacib məqamlara diqqət yetirdi, nəticələrdən, nailiyyətlərdən, hədəflərdən və perspektivlərdən söz açdı. Cənab Prezident bildirdi ki: “Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik”. Bəli, cənab İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində tarixi qələbə qazanan Azərbaycan torpaqlarını işğaldan azad etdi, ərazi bütövlüyünü, milli qürur və ləyaqəti bərpa, BMT-nin 30 ilə yaxın müddət ərzində kağız üzərində qalmış qətnamələrinin icrasını təmin etdi. Bu, müsbət nümunə olmaqla yanaşı, dünya siyasi tarixində bir ilk idi. Azərbaycan mürəkkəb beynəlxalq şəraitə və bir sıra təzyiq cəhdlərinə baxmayaraq, bir ölkənin öz gücü ilə işğal faktını aradan qaldıra və separatizmi məhv edə biləcəyi ilə bağlı nümunə yaratdı. Əlbəttə ki, bu qələbənin qazanılmasında xalq-iqtidar birliyi öz təkzibedilməz rolunu oynamışdır. Nəinki ölkədaxili eyni zamanda ölkə xaricində yaşayan həmyerlilərimizin Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi bu arzunun reallaşmasını labüd etmişdir.
Bütün quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır. Əlbəttə ki, dövlətimizin qarşısında duran əsas vəzifə öz dədə baba yurdundan didərgin düşmüş həmvətənlərimiz tezliklə yurd yuvalarına qayıtmasıdır. Ölkə başçısı həm də vurğuladı ki, bütün quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır: “Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir”. Həqiqətən də, bu gün işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması, yeni infrastrukturun yaradılması həm tarixi Qələbəmizin möhkəmləndirilməsi, həm də ölkəmizin sosial-iqtisadi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir. Zəfər yolunun, Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanının inşası, “Ağıllı kənd” konsepsiyası əsasında müasir yaşayış məntəqələrinin yaradılması və digər mühüm addımlar sosial, iqtisadi, siyasi və strateji önəm daşımaqla yanaşı, Böyük Qayıdışın ən yüksək səviyyədə təmin olunmasına vacib töhfədir.
Bu gün qalib və qüdrətli Azərbaycanın strateji seçimləri, yanaşması, iradəsi və mövqeyi bəllidir. Atdığımız addımlar milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanır, sülhə və təhlükəsizliyə xidmət edir.
Sabunçu qəsəbəsi, 68 N-li tam orta məktəbin
direktor müavini Asiman Paşayev