Azərbaycan Almaniyanı Qərbi Avropada əsas tərəfdaşlarından biri hesab edir. İki ölkə arasında qarşılıqlı münasibətlərin başlanğıcı XIX əsrin ikinci yarısına təsadüf edir. Həmin vaxtdan indiyə qədər Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə əməkdaşlıq sürətlə inkişaf edib. Almaniya Azərbaycanda müsbət imicə malikdir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına mühüm önəm verir. Azərbaycanda neft gəlirləri və böyük investisiya layihələri sayəsində başlanan iqtisadi inkişaf öz əksini Almaniya ilə iqtisadi əlaqələrdə də tapmışdır. Azərbaycan Almaniya üçün Qafqazda ən vacib iqtisadi tərəfdaşdır.
Azərbaycan-Almaniya iqtisadi-ticari əlaqələri dinamik inkişaf edən əməkdaşlıq sahələrindən biridir. Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır. Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyinin məlumatına əsasən, 2020-ci ildə Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsində Azərbaycanın payı təxminən 65% təşkil etmişdir. Eyni zamanda, Almaniyanın Federal İqtisadiyyat və İxraca Nəzarət Ofisinin məlumatına istinadən, Azərbaycan Almaniyanı neftlə təmin edən ölkələr sırasında 2020-ci ildə 9-cu yerdə olmuşdur. 2020-cu ildə Azərbaycandan Almaniyaya təqribən 2,5 milyon ton xam neft ixrac edilmişdir.
İki ölkə arasında ən yüksək səviyyədə baş tutan qarşılıqlı səfərlər, eləcə də Azərbaycanın biznes imkanlarının və “Made in Azerbaijan” brendinin təşviq olunması məqsədilə Almaniyada keçirilən biznes forumlar ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da genişlənməsinə xüsusi töhfə verir və ikitərəfli iqtisadi münasibətləri yeni mərhələyə qaldırır.
Azərbaycanın iqtisadi və turizm potensialının Almaniyada təşviq olunması məqsədilə ölkəmiz hər il Almaniyada keçirilən müxtəlif beynəlxalq sərgilərdə milli stendi ilə iştirak edir.
Azərbaycanda qeydiyyatdan keçmiş 239 alman şirkəti var və hazırda onlardan 166-nın fəaliyyəti aktivdir. Bu şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, tikinti, bank, sığorta, ticarət və xidmət sahəsində fəaliyyət göstərirlər.
Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərirlər və bununla bağlı müraciət ediblər.
İki ölkə arasında enerji sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Azərbaycandakı alman şirkətləri bərpaolunan enerjinin inkişafı layihələrinə də maraq göstərirlər.
Müstəqil daxili və xarici siyasət kursuna malik olan, regional təhlükəsizliyin qarantı kimi çıxış edən, iqtisadi inkişaf tempinə görə dünya dövlətləri sırasında avanqard yerlərdən birini tutan, heç bir qurumdan, dövlətdən və beynəlxalq təşkilatdan asılı olmayan, ali demokratik dəyərlərin təşəkkül tapdığı bir dövlətlə - Azərbaycan Respublikası ilə əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi Almaniya üçün, sözün əsl mənasında, strateji prioritet qismində çıxış edir. Məhz bunun qanunauyğun nəticəsidir ki, tərəflər arasındakı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri mütəmadi surətdə inkişaf edir və yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir.
Bütün bu inkişaf göstəricilərini nəzərə alaraq əminliklə demək olar ki, Azərbaycanla Almaniya arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyacaq, bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi üçün əlverişli imkanlar yaranacaq.
Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin
əməkdaşı Aytən Əzimova