Gürcüstanla Azərbaycan arasında dövlətlərarası əlaqələrimizin zəngin tarixi var

Gürcüstanla Azərbaycan arasında dövlətlərarası əlaqələrimizin zəngin tarixi var
Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət həyata keçirən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfdaş və dost ölkə sayır, respublikamızla hərtərəfli əməkdaşlığa böyük maraq göstərirlər.
Bu gün dövlətimiz etibarlı tərəfdaş olmaqla yanaşı, həm də regionun aparıcı ölkələrindən birinə çevrilmişdir. Azərbaycanın qonşu dövlətlərlə dostluq əlaqələri daim nümunə olmuşdur. Ölkəmizin bir çox layihələrdə ortaqlıq etdiyi qonşularından biri də Gürcüstandır. İki dövlət arasındakı əlaqələr möhkəm təməllər üzərində qurulmuş, Azərbaycan və Gürcüstan arasında imzalanmış sənədlər əməkdaşlığı yeni mərhələlərə daşımışdır. Şimal-qərb qonşumuz ilə əlaqələrin tarixi 1992-ci illərə təsadüf edir. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əsaslı zəmin yaratmışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə iki dövlət arasındakı münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. Gürcüstanla ölkəmiz arasındakı münasibətlər mükəmməl hüquqi bazaya malik olmaqla yanaşı, siyasi, iqtisadi və sosial-humanitar sahələri də özündə birləşdirir.
Azərbaycanla Gürcüstan arasında yüksək səviyyəli dialoq və strateji tərəfdaşlıq əlaqələri mövcuddur. Belə ki, Tbilisi ilə Bakı regional təhlükəsizliyin təmin olunması, iqtisadi maraqların uzlaşdırılması, siyasi münasibətlər sisteminin daha da təkmilləşdirilməsi kimi istiqamətlərdə sıx təmaslara malikdirlər.
Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. 1998-ci il sentyabrın 7–8-də keçirilmiş Tarixi Böyük İpək yolunun bərpası üzrə Beynəlxalq Konfrans keçirildi, 1998-ci il oktyabrın 7-də Azərbaycanın Gürcüstanla sərhədində yeni körpünün açılışı oldu, 1999-cu il aprelin 17-də isə Bakı-Supsa neft kəməri işə salındı. Ötən dövrdə hər iki ölkənin həyatında tarixi əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin tikintisi sahəsində intensiv işlər aparılıb. Nəhayət, 2005-ci il mayın 24–25-də neft kəmərinin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin istifadəyə verilməsi mərasimi keçirilib. İki ölkə arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı aqrar-sənaye kompleksi istiqamətində də əməkdaşlıq əlaqələri inkişaf edir. 2011-ci ildə Gürcüstandan ölkəmizə 12754,9 min ABŞ dolları dəyərində bar gətirən ağaclar, kolluqlar, peyvənd edilmiş və edilməmiş tinglər, heyvan və bitki mənşəli piylər və yağlar, mandarin və digər sitrus meyvə məhsulları, kartof, tərəvəz bitkilərinin toxumu, ədviyyatlar və digər kənd təsərrüfatı məhsulları idxal edilmişdir.
Bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı-faydalı əməkdaşlıq münasibətləri mövcuddur və ölkələr arasındakı strateji tərəfdaşlıq nümunəsidir. Onu da qeyd etmək lazımdır ki, ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətləri mütəmadi surətdə yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Əminik ki, iki ölkə arasındakı münasibətlər Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində daha da inkişaf edəcək və müxtəlif sahələrdə yeniliklərə imza atılacaqdır.

Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin
əməkdaşı Aytən Əzimova


Oxşar xəbərlər