Azərbaycan–Qazaxıstan strateji müttəfiqdirlər

Azərbaycan–Qazaxıstan strateji müttəfiqdirlər
Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər son illərdə siyasi etimad, arşılıqlı hörmət və ortaq maraqlar üzərində qurulan yüksək səviyyəli strateji tərəfdaşlıqla xarakterizə olunur. Tarixi, mədəni və mənəvi köklərlə bağlı olan iki qardaş xalq bu gün regionun sabitliyi, iqtisadi inkişafı və türk dünyasının birliyinə xidmət edən birgə təşəbbüslərin önündə gedir. Prezident cənab İlham Əliyevin 18 oktyabr 2025-ci ildə “Kazinform” agentliyinə verdiyi müsahibə bu istiqamətdə görülən işlərin miqyasını və gələcəyə yönəlik vizionu bir daha nümayiş etdirdi.
Azərbaycan–Qazaxıstan əlaqələrinin təməlində qarşılıqlı etimad və dövlət başçıları səviyyəsində formalaşan səmimi münasibətlər dayanır. Prezident cənab İlham Əliyev və Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə iki ölkə arasında əlaqələr ardıcıl şəkildə genişlənib. Son üç ildə dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyi, mütəmadi təmaslar və strateji məsələlərin müzakirəsi bu münasibətlərin səmərəsini açıq şəkildə göstərir.
Mədəni əlaqələrə gəldikdə, İlham Əliyev bu münasibətləri xalqlar arasında mənəvi yaxınlığın ən gözəl təzahürü kimi qiymətləndirir. O, Füzulidə Qazaxıstanın dəstəyi ilə inşa edilən Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzini “qardaşlığın rəmzi” adlandırır. Həmçinin Qazax ədəbiyyatının Azərbaycanda, Azərbaycan mədəniyyətinin isə Qazaxıstanda geniş şəkildə təbliği, ortaq humanitar məkanın formalaşdığını göstərir. Prezidentin diqqət çəkdiyi başqa bir mühüm məsələ Xəzər dənizinin ekoloji vəziyyətidir. Onun “Xəzər artıq təkcə su hövzəsi deyil, ortaq məsuliyyətin simvoluna çevrilib” fikri dərin ekoloji və mənəvi məna daşıyır. İlham Əliyev iqlim dəyişikliyi fonunda Xəzərin dayazlaşmasının yaratdığı təhlükələri sadəcə regional problem kimi deyil, həm də ümumi türk coğrafiyasının gələcəyinə təsir edən strateji məsələ kimi dəyərləndirir.
Bütün bu fikirlər bir yerdə Prezident İlham Əliyevin müsahibəsini klassik diplomatik bəyanatdan daha artıq səviyyəyə qaldırır. Bu çıxışda liderin səsi ilə bərabər, həm də bir ideoloqun, uzaqgörən strateqin baxışı duyulur. Müsahibə, bir tərəfdən, Azərbaycan diplomatiyasının çoxvektorlu, müstəqil və milli maraqlara əsaslanan kursunu əks etdirirsə, digər tərəfdən, Türk dünyasının ortaq gələcəyinə yönəlmiş konseptual baxışın ifadəsidir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin “Kazinform” agentliyinə müsahibəsi, XXI əsr Türk birliyinin siyasi, iqtisadi və mənəvi sütunlarını aydın şəkildə göstərən proqram xarakterli çıxışdır. Bu müsahibə həm strateji tərəfdaşlıq, həm də sarsılmaz qardaşlıq fəlsəfəsinin dövlət başçısı səviyyəsində təcəssümü, yəni həm bu günün, həm də gələcəyin xəritəsidir.
Vüqar Musayev-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi


Oxşar xəbərlər