
Bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Kazinform” agentliyinə müsahibə vermişdi və bu müsahibə ölkəmizin mövqeyinin nümayiş etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda bu müsahibə təkcə ikitərəfli əlaqələrin deyil, həm də geostrateji istiqamətlərin və regional əməkdaşlığın gələcəyi baxımından mühüm rol oynayır.
Danılmaz faktdır ki, Qazaxıstan Azərbaycan üçün qardaş ölkə sayılır, çünki hər iki dövlət türk dilli ölkələrdir. Buna görə də Azərbaycanla Qazaxıstan arasındakı iqtisadi və siyasi əlaqələr həmişə yüksək səviyyədə xarakterizə olunur.
“Qazaxıstan və Azərbaycan arasında olan qardaşlıq əlaqələri eyni zamanda ölkəmizin dostluq əlaqələrinin sayının artırılması baxımından da böyük rol oynayır. Eləcə də, bu əlaqələr regional integrasiyamızı möhkəmləndirir.”
Eyni zamanda Prezident İlham Əliyev bildirib ki, iki ölkə arasında iqtisadi və ticarət əlaqələri daim dinamik şəkildə inkişaf edir. 2024-cü ildə iki ölkə arasındakı mal dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ildə isə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə artaraq 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır. Eyni zamanda Azərbaycan və Qazaxıstan arasında investisiya əməkdaşlığı da möhkəmlənib. Belə ki, Azərbaycan Qazaxıstan iqtisadiyyatına 225 milyon dollar, Qazaxıstan isə Azərbaycan iqtisadiyyatına 136 milyon dollar məbləğində kapital yatırıb. Bu, hər iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında olduqca mühüm nailiyyətdir.
Eyni zamanda Azərbaycanla qardaş ölkə Qazaxıstan arasındakı nəqliyyat-logistika əlaqələrinin dinamik inkişafı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açır. Hal-hazırda Azərbaycanla Qazaxıstan arasında logistika mübadiləsi dinamik şəkildə özünün çiçəklənmə dövrünü yaşayır. 2024-cü ildə isə tranzit daşımalar əvvəlki dövrlə müqayisədə 20% artaraq 5 milyon tondan çox olub. Bu, hər iki ölkənin iqtisadi inkişafına töhfə verən mühüm amillərdən biridir.
Bundan əlavə, 2022-ci ildə Aktau şəhərində Türkiyə, Azərbaycan və Qazaxıstan ərazilərindən keçən Orta Dəhlizin inkişafı və istismarı üzrə 2022–2027-ci illəri əhatə edən “Yol Xəritəsi” imzalanmışdır. Bu sənəd üç qardaş ölkə arasında strateji əməkdaşlığın daha da dərinləşməsinə, iqtisadi və nəqliyyat əlaqələrinin yeni mərhələyə qədəm qoymasına mühüm təkan vermişdir.
Orta Dəhliz Avrasiya məkanında mühüm tranzit marşrutu kimi çıxış edir və Asiya ilə Avropa arasında yükdaşımaların səmərəliliyini artırmaqla regionun iqtisadi inkişafına xidmət edir. Bu dəhlizin səmərəli istismarı həm də enerji, ticarət və logistika sahələrində əməkdaşlığın genişlənməsinə imkan yaradır.
İnfrastruktur sahəsində ən böyük və perspektivli layihələrdən biri isə Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optik rabitə xətlərinin çəkilməsidir. Bu layihə rəqəmsal inteqrasiyanı gücləndirərək məlumat mübadiləsini sürətləndirəcək, kommunikasiya sistemlərini müasirləşdirəcək və hər iki ölkənin rəqəmsal iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək.
Aktau şəhərində imzalanan bu mühüm sənəd və həyata keçirilən layihələr göstərir ki, Azərbaycan və Qazaxıstan təkcə iqtisadi tərəfdaş deyil, eyni zamanda ortaq tarixə, mədəniyyətə və gələcək vizyona malik qardaş ölkələrdir. Hər iki dövlətin birgə səyləri regionda sabitliyin, rifahın və davamlı inkişafın təmin edilməsində mühüm rol oynayır.
Neft-qaz sektorunda da əməkdaşlıq diqqətəlayiqdir. SOCAR və “KazMunayQaz” Milli Şirkəti arasında Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranziti ilə bağlı baş saziş imzalanıb. 2024-cü ildə tranzit həcmlərinin mərhələli şəkildə artırılması və tariflərin aşağı salınması haqqında əlavə saziş imzalanıb.
Yaşıl energetika ikitərəfli gündəlikdə xüsusi yer tutur. 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsinə və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji sazişlər və memorandumlar imzalamışdır. Bu təşəbbüslər ölkələrin davamlı inkişafa və ekoloji cəhətdən təmiz texnologiyalara keçidə birgə sadiqliyini əks etdirir və regionda yaşıl enerji perspektivlərinin genişlənməsinə təkan verir.
Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan və Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rol oynayır. TDT siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma kimi fəaliyyət göstərir. 2009-cu ildə Naxçıvanda yaradılan TDT türk xalqları və ölkələri arasında əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfələr verib. Keçən il Şuşada ilk qeyri-rəsmi Zirvə Görüşü, bu yaxınlarda isə Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Bu yüksək səviyyəli görüşlərdə əməkdaşlığın əsas məsələləri səmərəli şəkildə müzakirə olunub və Türk dünyasının daha sıx birliyinə, siyasi, iqtisadi və hərbi gücünün artırılmasına töhfə verən bəyannamələr imzalanıb.
TDT çərçivəsində ölkələrimiz arasında mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlıq da sistemli xarakter daşıyır. Birgə təşəbbüslər festivalların, sərgilərin, ədəbi gecələrin və konfransların təşkilindən tutmuş elm və təhsil müəssisələri arasında fəal əməkdaşlığa qədər geniş sahələri əhatə edir. Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA və digər beynəlxalq təşkilatlar çərçivəsində aparılan işlər bu əməkdaşlığın güclü və davamlı olduğunu göstərir. 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay isə türk elminin, mədəniyyətinin və birliyinin inkişafında mühüm mərhələ olmuşdur. Növbəti il bu qurultayın 100 illiyi TDT çərçivəsində təntənəli şəkildə qeyd ediləcək.
Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir. Mədəni əlaqələrin inkişafı xalqların bir-birinə daha da yaxınlaşmasında və qardaşlıq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır. 2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Həmçinin, Kemel Tokayevin “Gecə açılan atəş” adlı povestlər toplusunun Azərbaycan dilində nəşri və beynəlxalq konfranslar iki ölkə arasında ədəbi və intellektual əməkdaşlığı daha da möhkəmləndirib.
Təəssüf ki, Xəzər dənizi bir sıra ciddi ekoloji problemlərlə üz-üzədir. Ən aktual məsələlərdən biri dayazlaşma – suyun səviyyəsinin sürətlə azalmasıdır ki, həm ekoloji, həm də iqtisadi təhlükələr yaradır. 2022-ci ildə keçirilən VI Xəzər Zirvə Görüşündə Azərbaycan bu məsələləri qaldırmışdır. Bu gün vəziyyət yalnız pisləşib. Bütün Xəzəryanı ölkələr arasında sıx əməkdaşlıq, fəal elmi informasiya mübadiləsi və əlaqələndirilmiş tədbirlərin işlənib hazırlanması ekoloji balansın qorunması üçün həyati əhəmiyyət kəsb edir.
Nəticə etibarilə, Azərbaycan və Qazaxıstan arasında iqtisadi, enerji, mədəni və ekoloji sahələrdə əməkdaşlıq regionda inteqrasiyanı gücləndirir, hər iki ölkənin strateji potensialını artırır və Türk dünyasında birliyin möhkəmlənməsinə töhfə verir. Bu münasibətlər həm iqtisadi tərəfdaşlıq, həm də qardaşlıq, etimad və ortaq gələcək vizyonu üzərində qurulub.
Maştağa qəsəbəsi, 293 nömrəli tam orta məktəbin
İngilis dili müəllimi Türkan Bayramova