Azərbaycan və Qazaxıstan münasibətləri inkişaf mərhələsində

Azərbaycan və Qazaxıstan münasibətləri inkişaf mərhələsində Prezident İlham Əliyevin 18 oktyabr 2025-ci ildə Qazaxıstanın “Kazinform” agentliyinə verdiyi müsahibə təkcə iki ölkə arasında siyasi münasibətlərin konturlarını deyil, həm də Türk dünyasının gələcək inteqrasiya xəritəsini cızan strateji sənəd kimi dəyərləndirilə bilər. Bu müsahibə həm regional siyasətin, həm iqtisadi əməkdaşlığın, həm də mənəvi birliyin dərin fəlsəfi mənzərəsini təqdim edir.
Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan ilə Qazaxıstanı birləşdirən tellər sadəcə diplomatik münasibətlərdən ibarət deyil — bu bağlar ortaq tarix, mədəniyyət, dil, türk kimliyi və qardaşlıq duyğularının üzərində qurulub. İlham Əliyevin sözləri ilə desək, bu əlaqələr “qarşılıqlı etimada, mənəvi yaxınlığa və sarsılmaz dostluğa əsaslanan model”dir. Son illərdə bu münasibətlər təkcə siyasi səviyyədə deyil, iqtisadi, mədəni və humanitar müstəvilərdə də misilsiz dərinlik qazanıb.
Prezidentin müsahibəsində diqqəti cəlb edən əsas məqam – Azərbaycan və Qazaxıstan rəhbərləri arasında formalaşmış davamlı dialoq və qarşılıqlı etimad mühitidir. İlham Əliyev qeyd edir ki, son üç ildə onun Qazaxıstana bu, yeddinci səfəridir, eyni zamanda Prezident Kasım-Jomart Tokayev də altı dəfə Azərbaycana səfər edib. Bu intensiv əlaqələr göstərir ki, iki ölkə arasında əməkdaşlıq artıq rəsmi diplomatiyanın çərçivəsini aşaraq səmimi, qarşılıqlı anlaşmaya söykənən qardaşlıq səviyyəsinə yüksəlib.
İqtisadi aspektdən baxdıqda, müsahibə konkret faktlarla zəngindir. 2025-ci ilin ilk səkkiz ayında iki ölkə arasında ticarət dövriyyəsi 547 milyon dollara çataraq, ötən ilin göstəricisini üç dəfə geridə qoyub. Bu dinamika, şübhəsiz, “Orta Dəhliz” adlanan nəhəng nəqliyyat layihəsinin uğurla reallaşması və Xəzər üzərindən yeni logistika marşrutlarının formalaşması ilə bağlıdır. İlham Əliyevin sözlərində iqtisadi əməkdaşlıq yalnız rəqəmlər deyil, strateji məqsədlərin ifadəsidir — bu, regionun vahid bazara çevrilməsi, Avropa ilə Asiya arasında yeni enerji və ticarət arteriyasının qurulması deməkdir.
Prezident həmçinin investisiya və sənaye əməkdaşlığının müsbət dinamikasını vurğulayır: Azərbaycanın Qazaxıstana yatırdığı kapital artıq 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana yatırımı 136 milyon dollara çatıb. Bu göstəricilər sadəcə iqtisadi göstəricilər deyil, qarşılıqlı etimadın və uzunmüddətli tərəfdaşlığın simvoludur.
Enerji və nəqliyyat sahəsindəki əməkdaşlıq da müsahibənin mühüm hissəsini təşkil edir. SOCAR və “KazMunayQaz” arasında Aktau-Ceyhan marşrutu üzrə imzalanan saziş Xəzər hövzəsini strateji enerji dəhlizinə çevirir. Bununla yanaşı, Xəzərin dibi ilə çəkilən fiber-optik xətt layihəsi iki ölkəni rəqəmsal inteqrasiyanın avanqardına çıxarır. Bu, gələcəyin “rəqəmsal İpək Yolu” kimi dəyərləndirilə bilər.
Müsahibənin ən mənəvi və dərin qatlarından biri Türk Dövlətləri Təşkilatına (TDT) həsr olunan fikirlərdir. İlham Əliyev bu təşkilatı “Türk dünyasının həmrəyliyinin və birliyinin sütunu” adlandırır. O, TDT çərçivəsində keçirilən Şuşa və Qəbələ Zirvə Görüşlərini Türk dünyasının siyasi və mənəvi güc mərkəzinə çevrilməsinin sübutu kimi təqdim edir. Eyni zamanda, gələn il qeyd olunacaq Birinci Türkoloji Qurultayın 100 illiyinin bu təşkilat çərçivəsində təntənə ilə keçirilməsi planı, türk xalqlarının birliyinin ideoloji təməllərinə sadiqliyin bariz ifadəsidir.

Zülfüqar Cəfərov-YAP Sabunçu rayon təşkilatının sədr müavini

Oxşar xəbərlər