Azərbaycan-Qazaxstan münasibətləri yüksək xətlə inkişaf edir

Azərbaycan-Qazaxstan münasibətləri yüksək xətlə inkişaf edir . Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Hər iki xalq Çar imperiyası və Sovetlər ittifaqı dönəmində çox yaxın əlaqələrə malik olublar. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Rəsmi məlumatlara görə, yüz iyirmi min qədər, qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Qazaxıstanda yaşayan azərbaycanlılar elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrdə çalışırlar. Onlar Qazaxıstanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər. 1990-ci illərdən etibarən Qazaxıstanda bir sıra Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Böyük qazax mütəfəkkiri Oljas Süleymanov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında, rus-erməni şovinizminə qarşı çıxış edərək Azərbaycanın haqq səsini dünyaya bəyan edib. Sırf bu münasibəti ilə Qazaxıstan yazıçısı Oljas Süleymenov 18 may 2021-ci il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif edilmişdir.
Azərbaycanla Qazaxıstan strateji tərəfdaş olan ölkələrdir. Azərbaycan-Qazaxıstan beynəlxalq arenada birgə fəaliyyət göstərir və əməkdaşlıq edirlər. Məhz bu cür strateji yanaşmanın nəticəsidir ki, Azərbaycan və Qazaxıstan arasında bu illər ərzində heç bir problem yaşanmayıb, Xəzərin hüquqi statusu ilə bağlı ölkələr qısa müddətdə razılığa gələ biliblər. Azərbaycan və Qazaxıstan bir sıra nəqliyyat layihələrinin həyata keçirilməsi üzrə də əməkdaşlıq edirlər. Qazaxıstan Orta Asiyada Azərbaycanın ən yaxın tərəfdaşıdır. 27 oktyabr 2006-cı il tarixində Vyanada ATƏT-in Daimi Şurasının Qazaxıstanın 2009-cu ildə ATƏT-də sədrlik məsələsi ilə bağlı xüsusi plenar iclasında Azərbaycan bu təklifi dəstəkləyib. 5 dekabr 2006-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Brüsseldə keçirilmiş ATƏT-in Nazirlər Şurasındakı çıxışında Qazaxıstanın 2009-cu ildə ATƏT-də sədrlik məsələsinin Azərbaycan tərəfindən dəstəkləndiyini bir daha qeyd edib. Həmçinin, Türk Dövlətləri Təşkilatı çərçivəsində hər iki qardaş ölkə yüksək səviyyədə əməkdaşlıq edirlər. İki tərəfli görüşdə türk dövlətləri birliyinin inkişafına, eyni zamanda dost- qardaş Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli siyasi, iqtisadi və mədəni münasibətlərin möhkəmlənməsinə və inkişafına verdiyi xüsusi töhfəsinə görə ölkə rəhbəri cənab İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən “Altın Kıran” ordeni ilə təltif edilmişdir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin səfəri çərçivəsində imzalanan sənədlər arasında Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında imzalanan Bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Artıq Azərbaycan və Qazaxıstan təkcə strateji tərəfdaşlar deyil, müttəfiqlərdir.
Bu gün Azərbaycan–Qazaxıstan münasibətləri təkcə siyasi dostluqla məhdudlaşmır, həm də xalqlar arasında dərin mədəni və insani bağlarla möhkəmlənir. Müxtəlif mədəni tədbirlər, təhsil proqramları, gənclər mübadiləsi layihələri bu əlaqələrin gələcək nəsillərə ötürülməsini təmin edir.
Namiq Muradov - YAP Sabunçu rayon təşkilatının fəal üzvü

Oxşar xəbərlər