Füzuli rayonunda bərpa və yenidənqurma işləri bu gün də sürətlə davam etdirilir

Füzuli rayonunda bərpa və yenidənqurma işləri bu gün də sürətlə davam etdirilir
Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan etmişdi. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməmişdi. Xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin şahid olmuş və dağıntıların tam miqyasını sənədləşdirmişlər. Bu vəhşiliyə baxmayaraq bizim xalq əsla ruhdan düşmədi, əksinə 30 il həsrətdən sonra o torpaqlara daha tez qayıtmaq üçün canla, başla işə başladılar. Ali Baş Komandan cənab İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımızın yenidən qurulması üçün olduqca çox vəsait ayırdı. Buna nümunə olaraq işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanın inşa edilməsini göstərmək olar.
Azərbaycan Respublikasının Ermənistanın işğalından azad edilən ərazilərinin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, orada ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu çərçivədə icra olunan layihələr həmin ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsində və iqtisadi inkişafında mühüm rol oynayacaqdır.
Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Böyük Qayıdışın təmin edilməsi, 30 ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq arzusu ilə yaşayan insanların tez bir zamanda işğaldan azad olunan ərazilərə köçürülməsi üçün hazırda burada genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işləri həyata keçirilir. Bu ərazilərdə yaşayış kompleksləri, xəstəxana, məktəb binaları və.s tikilir.
Torpaqlarımız düşmən tapdağından azad ediləndən sonra bu ərazilərdə qısa zaman ərzində çox böyük işlər görülüb. İşğaldan azad olunduqdan sonra qısa müddətdə bu ərazilər minalardan təmizlənib, elektrik və su təchizatı yüksək səviyyədə həyata keçirilib, dəmir və avtomobil yollarının çəkilişinə başlanılıb. Hazırda Qarabağda bərpa-quruculuq işləri çox sürətli həyata keçirilir.
Azad edilən ərazilərdə infrastrukturun bərpası, yaşayış binalarının, məktəb, xəstəxana binalarının inşası, yollarla yanaşı, içməli su təchizatı və elektrik enerjisi təminatı istiqamətində görülən işlər “Böyük qayıdışı” sürətləndirən infrastruktur layihələrdir.
Füzuli rayonunda bərpa və yenidənqurma işləri bu gün də sürətlə davam etdirilir. Şəhər ərazisində infrastruktur bərpa olunur, yaşayış binaları tikilir, kəndlər yenidən qurulur, həmçinin beynəlxalq hava limanı açılıb. Artıq Böyük Qayıdış proqramı çərçivəsində Füzuli şəhərinin sakinlərinin bir qrupunun qayıdışı təmin edilib.
Bu gün Füzulidə həyat qaynayır, işğaldan azad olunmuş kənd və qəsəbələr sürətlə böyüyərək inkişaf edir. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Füzuli, eləcə də işğaldan azad edilmiş ərazilər daha da abadlaşacaq, yenidən qapılarını öz doğma sakinlərinə açacaqdır.


Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin
əməkdaşı Aytən Əzimova

Oxşar xəbərlər