Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. Dövlətimizin başçısı İlham Əliyev tədbirdə iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zirvə görüşündə çıxış edib.
İlham Əliyev qeyd etmişdir ki, 2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır. Biz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururuq.
Bu, milli hökumət tərəfindən postmünaqişə dövründə öz maliyyə resursları hesabına həyata keçirilən nadir və misligörünməmiş bir yenidənqurma modelidir.
Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq.
Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla gedib.
Bu gün xalqımız öz Liderinin rəhbərliyi ilə Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur, yağı tapdağından qurtulan bu torpaqları yenidən həyata qaytarır. İşğaldan azad edilmiş ərazilərdə uğurla davam etdirilən bərpa-quruculuq işləri “Böyük qayıdış”ı sürətləndirir.
Azərbaycan bu gün tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayır. 2020-ci il sentyabrın 27-də başlayan qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbədən sonra geniş tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bütün infrastrukturlar yenidən qurulur.
İşğaldan azad olunmuş ərazilərdə həyatın yenidən dirçəldilməsi və insanların ata-baba yurduna qayıtması dövlətimizin qarşıya qoyduğu əsas vəzifələrdəndir. Azərbaycan bütün bu işləri öz gücünə görməyə qadir olan güclü dövlətdir. Qarabağda və Şərqi Zəngəzurda aparılan nəhəng quruculuq işləri ölkəmizin siyasi iradəsini və xalqın ruh yüksəkliyini ortaya qoyur. Bu ərazilərdə irimiqyaslı minatəmizləmə işləri ilə yanaşı, əsas infrast¬ruktur layihələri də sürətlə reallaşdırılıb, yollar, elektrik xətləri, su xətləri, dəmir yolları çəkilir, hava limanları istifadəyə verilib.
Prezident İlham Əliyevin bildirdiyi kimi, müharibə başa çatandan dərhal sonra bütün bu işlərə start verildi. Bölgə iqtisadiyya¬tının dirçəldilməsi, erməni faşiz¬minin bu ərazilərdə yerlə-yeksan etdiyi şəhər və kəndlərimizin ən qısa zamanda bərpası, yenidən qurulması, buraya qayıdışın tezliklə təmin edilməsi üçün azad edilən ərazilərdə geniş həcmdə tikinti-quruculuq, abadlıq işləri görülür, ərazilərin minalardan təmizlənməsi, lazımi infrastruktu¬run yaradılması diqqət mərkəzində saxlanılır. İşğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturunun qurulması layihələrinin icrası da xüsusi diqqət mərkəzində saxlanılır.
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə