Artıq ikinci Qarabağ müharibəsinin başlanmasının və Azərbaycan ordusunun qələbəsi ilə başa çatmasında iki il ötüb. Əslində tarix üçün qısa olan bu müddətdə Azərbaycanın müzəffər ordusunun döyüş meydanında əldə etdiyi uğurlar azad edilmiş torpaqlarımızın bərpası istiqamətində aparılan cahanşümul işlərdə də əks olunur. Çox qısa müddətdə Qarabağın qapısı adlanan Füzulidə yeni hava limanının tikilərək yekunlaşdırılması bir çox ekspertlər tərəfindən təqdir olunur. Bu gün işğaldan azad olunmuş ərazilərə gedənlərin hər biri bu ərazini tikinti meydançası kimi xarakterizə edir. Təbii ki, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı Azərbaycan hökumətinin prioritetidir.
Laçın rayonu strateji bölgə hesab edilir. Laçın 18 may 1992-ci ildən Ermənistanın işğalı altında idi. Lakin 2020-ci il dekabrın 1-də Prezident İlham Əliyevin diplomatik səyləri ilə bir güllə atılmadan düşmən işğalından tamamilə xilas oldu. Qış aylarında orada hərbi əməliyyatlar aparmaq həqiqətən də böyük itkilərə səbəb ola bilərdi. Bu baxımdan Prezident İlham Əliyevin bir güllə atmadan hər iki rayonu düşmən işğalından azad etməsi möhtəşəm zəfərin nişanəsidir. Məhz, bu mənada Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Laçın rayonuna səfəri tarixi hadisə hesab edilməlidir.
İşğaldan azad olunmuş digər rayonlar kimi Laçın da Prezident İlham Əliyevin göstərişi ilə bərpa olunur, cənnətə çevrilir. Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı layihələrin reallaşmasına imkan verir. 30 ilə yaxın işğalda olan torpaqların bərpası, yenidən qurulması vaxt və maliyyə imkanları tələb edir. Bu gün işğaldan azad olunan və üçrəngli bayrağımız dalğalanan ərazilərimizdə tezliklə müasir infrasturuktur yaradılacaq və yeni həyat başlayacaq.
Əfləddin Həsənov-Sabunçu bələdiyyəsinin sədri