Azərbaycanın qəti qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsinin ardından işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış”ın təmin olunması ölkəmizin əsas prioritetlərindəndir.
2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanılmış, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılmağa başlanmışdır.
Horadizdən Şuşayadək 101 kilometr uzunluğunda Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı, həmçinin Suqovuşan, Laçın, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayılda elektrik stansiyaları istifadəyə verilib. Şuşada Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksinin, Bülbülün ev muzeyinin, Üzeyir Hacıbəylinin heykəlinin açılışı olub, yeni məscidin, yaşayış məhəlləsinin, Radio-Televiziya Yayım Stansiyasının, Mərkəzi Xəstəxananın, Daşaltı məscidinin təməli atılıb. Bundan başqa, Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Hadrut, Füzuli-Ağdam, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Bərdə-Ağdam, Zəngilan-Horadiz, Xanlıq-Qubadlı, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yollarının, Horadiz-Ağbənd dəmir yolu xəttinin çəkilişinə başlanılıb, Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınan Ağalı kəndinə ilk sakinlərin köçürülməsi gerçəkləşib. Belə bir yaşayış sahəsinin layihəsi Füzuli rayonunun Dövlətyarlı kəndində də icra olunub və ilk sakinlərinin köçürülməsi reallaşıb.
Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı həyata keçirilib. Artıq 2300 məcburi köçkün evlərinə qayıdıb və ilin sonunadək onların sayı 5500-ə çatdırılacağı planlaşdırılır.
19.09.2023-cü il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsindəki seperatçı rejimin təslim olmasından sonra Qarabağımız tam azad oldu. Biz əminik ki, ən qısa zamanda bütün Qarabağımız yenidən bərpa ediləcək, gözəlləşib abadlaşacaq.
Pirşağı qəsəbəsi, 112 № li tam orta məktəbin
tarix müəllimi Şahnaz Quliyeva