Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata əhəmiyyətli zərər vurulmuş, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Tarixi Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 16.11.2022- ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir.
Dövlət Proqramı çərçivəsində Böyük Qayıdışla bağlı prioritet vəzifələr müəyyən olunmuşdur: Yaşayış məntəqələrində təhlükəsiz yaşayışın təmin edilməsi; Ərazilər üzrə dövlət sərhədinin etibarlı müdafiəsinin təmin olunması; Yüksək standartlara cavab verən yaşayış məntəqələrinin, o cümlədən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında yeni müasir şəhərlərin və kəndlərin salınması ilə əhalinin layiqli həyat şəraitinin təmin edilməsi; İşğaldan azad edilmiş ərazilərdə su, elektrik, qaz, istilik təminatının həyata keçirilməsi ilə bağlı zəruri layihələrin icrası; Bərpa olunan enerji mənbələrindən istifadəyə əsaslanan “yaşıl” texnologiyaların tətbiqi ilə “yaşıl enerji” zonasının yaradılması və s.
İşğaldan azad edilən torpaqlarda həyatın yenidən canlanması, burada məskunlaşan vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi baxımından bu ərazilərə böyük investisiyaların cəlb olunması zəruridir. Bunu isə ancaq təhlükəsiz mühitdə gerçəkləşdirmək olar ki, dövlətimiz də məhz buna nail olmağa çalışır. Böyük Qayıdışa dair I Dövlət Proqramının əsas məqsədlərindən biri də məhz bununla bağlıdır”.
Ərazilərin bərpası və dayanıqlı inkişafı çərçivəsində qarşıya qoyulmuş hədəflərə nail olunması və Dövlət Proqramının icrasının optimallaşdırılması məqsədilə 5 illik dövrü əhatə edən Tədbirlər Planı əldə ediləcək nailiyyətlərin qiymətləndirilməsi üzrə nəticə indikatorlarının müəyyənləşdirilməsini, müvafiq tədbirlərin həyata keçirilməsinə nəzarətin daha effektiv təşkilini nəzərdə tutur.
Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin
kitabxana müdiri Nübar Əliyeva