Bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edir.Ölkəmiz dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dünya birliyi Azərbaycanı mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlət kimi tanıyır.Məlum olduğu kimi, hazırda dünyanın mənzərəsi kifayət qədər mürəkkəbdir.Lakin Azərbaycan dünya üçün çətin keçən illərdə də sabitlik və inkişaf adası kimi fərqlənib.Belə ki, Azərbaycan müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklərdən məhz təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan məqsədyönlü siyasət sayəsində qurtularaq güclü sosial-iqtisadi inkişafa nail olub.Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən və milli mənafeyə söykənən siyasət respublikamızı qlobal risklərdən sığortalayaraq daha böyük nailiyyətlərin qazanılmasına real zəmin yaradıb.
Hazırda ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində özünün nadir inkişaf dövrünü yaşayır və iqtisadi potensialını ilbəil artırır. Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvü olan ölkələrlə (Ermənistan istisna edilməklə) six İqtisadi və ticarət əlaqələri var. Bu münasibətlər müntəzəm olaraq genişlənir və həm ölkəmiz, həm də təşkilatın hər bir iştirakçısı üçün əhəmiyyətlidir. Odur ki, dövlətimizin başçısı cənab İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə 25 may tarixində Ali Avrasiya İqtisadi Şurasının iclasında qonaq qismində iştirak etməsi də təsadüfi deyildi. Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 ildir ki, uğurla inkişaf edir. Ötən il ölkəmizin Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar olub. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın təşkil edib. Gələcəkdə əmtəə dövriyyəsinin artması üçün də böyük potensial var.
Məlumdur ki, hər bir ölkənin iqtisadi inkişafını şərtləndirən amillər sırasında ümumi daxili məhsul (ÜDM) istehsalının artması mühüm faktor qismində çıxış edir.Son 11 ildə dünya miqyasında ÜDM istehsalında ən yaxşı göstərici məhz Azərbaycanda qeydə alınıb.Ölkə iqtisadiyyatının genişlənməsi nəticəsində son illərdə respublikamızda makroiqtisadi sabitlik təmin olunub.Azərbaycan dünyanın ən yüksək rəqabətqabiliyyətli 40 ölkəsi sırasında yer alır və bu da çox haqlı olaraq ölkəmiz üçün tarixi nailiyyət kimi dəyərləndirilir.Hazırda dünyada özünəməxsus inkişaf modeli ilə fərqlənən Azərbaycan, eyni zamanda, qlobal əhəmiyyət daşıyan bir sıra yeni layihələrin təşəbbüskarı və fəal iştirakçısı qismində çıxış edir. Artıq hamı tərəfindən təsdiqlənən bir həqiqətdir ki, bütün parametrlər baxımından Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihəni reallaşdırmaq mümkün deyil.Getdikcə artan iqtisadi potensialı sayəsində bölgədə yeni reallıqları məhz respublikamız diktə edir. İndiyədək ölkəmiz regionun inkişafında əhəmiyyətli rol oynayan “Bakı-Tbilisi-Qars”, “Bakı-Tbilisi-Ərzurum”, “Bakı-Tbilisi-Ceyhan” kimi tarixi layihələrin təşəbbüskarı olmaqla yanaşı, həm də onların reallaşdırılmasına və uğurla istismar edilməsinə sanballı töhfələr verib.
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dünya siyasi arenasında nüfuzunun və mövqeyinin möhkəmləndirilməsi istiqamətində məntiqli daxili və xarici siyasəti verilən vədlərə sadiqliyin nümunəsidir.Prezidentimiz müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük işlər görmüşdür. İstər siyasi, istər iqtisadi cəhətdən tam müstəqil dövlətik. Məhz iqtisadi müstəqillik nəticəsində bu gün, Azərbaycan dünyanın ən mütərəqqi dövlətlərindən birinə çevrilib.Bu, Prezident cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.
Nuranə Atayeva,
Salyan rayon Təzəkənd kənd ümumi orta məktəbin direktor əvəzi