Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə güclü elmi, intellektual, kadr, sənaye, kənd təsərrüfatı və enerji potensialının yaradılmasına nail olmuş, respublikamızın bu gün müstəqil yaşamasının möhkəm təməlini qoymuşdur. Dahi öndər hələ ötən əsrin 70-ci illərində Azərbaycan Respublikası iqtisadiyyatının inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları müəyyənləşdirmiş, xalq təsərrüfatında köklü dəyişikliklər aparılmasına, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodların tətbiqinə qərar vermişdir. Nəticədə ötən əsrin 70-ci və 80-ci illərində iqtisadi və sosial sahələrdə mühüm uğurlar əldə edilmiş, əhalinin rifah halı yaxşılaşmışdır. Ulu öndər ikinci dəfə respublikamıza rəhbərliyi dövründə Azərbaycanı vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsindən xilas etdi, hərc-mərcliyin, xaosun, separatçılığın, etnik münaqişələrin qarşısını aldı, Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminə nail oldu, iqtisadi-sosial sahələrdə böhranı aradan qaldırdı. Tezliklə insanların qırılmış ümidləri bərpa olundu. Ölkəmizin beynəlxalq imici möhkəmləndi. Ümummilli liderimiz Azərbaycanın milli maraqlarını tam təmin edən yeni neft strategiyasını işləyib hazırladı. Bu dahi insanın titanik səyi sayəsində “Əsrin müqaviləsi” imzalandı, Azərbaycan neftinin xarici bazarlara çatdırılmasının alternativ marşrutu-Bakı-Supsa xətti çəkildi, üç dənizi birləşdirən əsas ixrac boru kəməri Bakı-Tbilisi-Ceyhan əfsanədən reallığa çevrildi, respublikamız Avropa Şurası və digər beynəlxalq təşkilatların tamhüquqlu üzvlüyünə qəbul edildi.
Ümummilli liderin qurub-yaratdığı müstəqil Azərbaycan dövlətinin gələcəyi bu gün etibarlı əllərdədir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu iqtisadi layihələr ölkəmizin hərtərəfli inkişafına yönəldilib. Ayrı-ayrı sahələri əhatə edən dövlət proqramları inkişafımıza dinamiklik gətirən əsas amilə çevrilib.Azərbaycan xalqı qədim tarixə, dərin milli-mədəni və mənəvi irsə, eləcə də böyük dövlətçilik ənənələrinə malik bir xalqdır. Eyni zamanda, tarix sübut edir ki, yalnız bu keyfiyyətləri özündə cəmləşdirən xalqlar geniş əhali kütləsini öz ardınca aparmağı bacaran şəxslər yetişdirə bilər. Ulu öndər məhz belə tarixi şəxsiyyətlərdən biri və bir çox yüksək qiymətə layiq xüsusiyyətləri ilə birincisidir. Dahi Heydər Əliyevin ölkəyə rəhbərlik etməyə başladığı bütün dövrlər iqtisadi tənəzzüllə xarakterizə edilsə də, məhz dünya şöhrətli siyasətçinin qəbul etdiyi son dərəcə dəqiq qərarlar, həyata keçirilən məqsədyönümlü islahatlar nəticəsində qısa zaman ərzində tənəzzülü sürətli tərəqqi əvəz etmişdir. 1990-cı illərin əvvəllərində siyasi, iqtisadi, sosial və s. Sahələrdə ciddi geriləmə mövcud idi. Yalnız ulu öndərin xalqın təkidi ilə yenidən hakımiyyətə gəlişi doğma vətənimizi parçalanmaqdan, vətəndaş müharibəsi təhlükəsindən və iqtisadi tənəzzüldən xilas etdi.
Artıq bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkışafını və etibarlı siyasi stabilliyini təmin etmiş müstəqil bir dövlətdir. Müstəqil dövlətimiz mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadirdir. Müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasına, çox kövrək və zəif dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsinə, qədim tarixi və çoxəsrlik zəngin mədəniyyəti olan uca millətimizin bütün dünyada tanıdılması istiqamətində yorulmaz fəaliyyətinin nəticələrinə görə xalqımızın qəlbində əvəzsiz dövlət xadimi qiymətini almış möhtərəm Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi müxtəlif dövrlərdə müəyyənləşdirdiyi və həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil etmişdir. Dünya təcrübəsindən məlumdur ki, dövlət başçısı ölkənin inkişaf tələblərini və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə qadir olan, ölkənin mədəni, iqtisadi və təbii resurslarını, potensialını əhalinin rifahı və dövlətçiliyin inkişafına yönəltməyi bacaran şəxs olmalıdır. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir ki, tarix ona Heydər Əliyev kimi dünya miqyaslı siyasətçi, Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik inkişaf yoluna çıxarmağa qadir olan dövlət başçısı, ümummilli lider bəxş etmişdir.
Ölkəmizdə əldə edilmiş uğurlar Prezident İlham Əliyevin əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının yeni dövrün tələblərinə uyğun olaraq inkişaf etdirib daha da irəli aparması, bütün sahələrdə həyata keçirdiyi məqsədyönlü, düşünülmüş siyasət yetirmək bacarığı və təfəkkürünün nəticəsidir.
Ramana qəsəbəsi, 198 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi Qumru Əzizova